14 Aprel 2017 13:37
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya pivəsi, Hindistan çayı, Rusiya arağı, Yaponiya texnologiyası, Türkiyə fındığı... Bəs “Made in Azerbaijan” brendi deyəndə hans məhsul diqqətimizi çəkir?

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 137 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 77 ölkəyə məhsul ixrac olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında 176,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu da 2016-cı ilin yanvar-fevral aylarına nisbətən real ifadədə 0,3 faiz çoxdur.

Azərbaycan valyutasının daha çox ölkədə qalması

Millət vəkili Vahid Əhmədov deyir ki, son zamanlar Azərbaycanın öz brendi altında məhsul ixracı etməsi gündəmdədir: “Prezident xarici bazara ixrac olunan məhsulların sayı, keyfiyyəti ilə bağlı fərman imzalayıb. Hazırda şərabçılıq, çayçılıq, tütünçülük və sair məhsulların ixracının artırılması üçün çalışılır. Məqsəd idxalı azaltmaq və Azərbaycan valyutasının daha çox ölkədə qalmasıdır”.

Vahid Əhmədovun sözlərinə görə, brend məhsullarının xaricə çıxarılması Azərbaycan üçün çox vacibdir: “Məqsəd qeyri-neft sektorunda məhsulların ixracını təşkil etməkdir. Azərbaycan brendini dünyada tanınmalıdır. Qeyri-neft sektorunun inkişafı üçün brendin olması vacibdir. Bu yaxınlarda Fransada, İngiltərədə “Made in Azerbaijan” brendi təqdim edildi. İşlər davamlı şəkildə aparılacaq. Bir şirkət xaricə məhsulunu “Made in Azerbaijan” brendi ilə ixrac etmirsə, günah onun özündədir. Onlar məhsullarını brend formasında ixrac eləsələr daha yaxşı olar. Şirkətlər alternativ enerji mənbəyi, boru, polad və digər məhsulları hazırlayıb, öz brendimiz adı altında xaricdə təmsil edilə bilərlər. Bu sahədə görülməli iş çoxdur”.

Qeyd edək ki, 2016-ci ilin oktyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb.

60 minə yaxın ziyarətçi…

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə xaqrici ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulur: “ "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyalarına şərablar da daxil edilib. Artıq bu sahədə müəyyən uğurlar əldə olunub. Belə ki, ötən ilin sonunda Çinin Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə ixrac missiyası təşkil edilib. Nəticəni ürəkaçan adlandırmaq olar. Belə ki, Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının bu ölkəyə ixracına başlanılıb. Bu ilin ilk ixrac missiyası isə martın sonunda Almaniyaya baş tutub. İlk dəfə olaraq Azərbaycan şərabları və spirtli içkiləri "Made in Azerbaijan” vahid ölkə stendi ilə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Prowein” sərgisində nümayiş olunub. 60 minə yaxın ziyarətçisi olan sərgidə Azərbaycandan 9 şirkət iştirak edib. Sərgi çərçivəsində Litvada şərab məhsullarının distribütorluğu ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb və Litvada satışı həyata keçiriləcək”.

Publik hüquqi şəxslər maneələri aradan qaldırılması

Ölkəmizdən ildən-ilə xaricə daha məhsullar çıxır. Azərbaycanda əmtəə nişanlarının hüquqi mühafizəsi ilə bağlı müraciətlərin sayı da artıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, əmtəə nişanlarının hüquqi mühafizəsi ilə bağlı müraciətlərin əksəriyyəti ölkə daxilində hüquqi mühafizənin təmini ilə bağlıdır: "Amma son 4 ilin statistik təhlilləri göstərir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 100-dən artıq əmtəə nişanı beynəlxalq Madrid Sazişi vasitəsilə qeydiyyatdan keçirilərək xarici ölkələrdə də hüquqi mühafizə altına alınıb. Beləliklə, yerli sahibkarlar öz əmtəə nişanlarını həm ölkə daxilində, həm də xaricdə hüquqi mühafizə etmiş olurlar”.

Fazil Talıblı qeyd edib ki, Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli fərmanı ilə standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi tapşırılıb. Bu fərmana əsasən, Komitəyə keyfiyyət infrastrukturu üzrə sahələri müstəqil idarə edəcək publik hüquqi şəxslərin yaradılması tapşırığı verilib. Bunun nəticəsində yerli əmtəə nişanlarının beynəlxalq tanınması təmin ediləcək: "Bəzən yerli standartlar, laboratoriya nəticələri, keyfiyyət şəhadətnamələri xaricdə tanınmır. Milli orqan statuslu publik hüquqi şəxslər beynəlxalq partnyorlarla qarşılıqlı tanınmanı təmin edəcəklər, texniki maneələr aradan qalxacaq. Beləliklə, kalibrləmə, laboratoriya şəhadətnamələri, həmçinin sertifikatlar əlavə prosedur keçmədən xaricdə tanınacaq. Artıq yaradılma prosesi yekunlaşmaqda olan bu publik hüquqi şəxslər Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi və Patent və Əmtəə Nişanları Mərkəzi adlanacaq”.

90,2 milyon dollar dəyərində ixrac

Marketoloq Yusif Vəliyev deyir ki, Azərbaycanda şirkətlərin ən böyük problem brendin tanıdılmasıdır: “Azərbaycanda yerli istehsal sahələrində brend problemi var. Bir şirkət məhsulunu hansısa bir ölkəyə çıxarırsa, ilk öncə o ölkənin bazarı araşdırılmalıdır. Çünki bir ölkənin bazarında möhkəmlənmək üçün oradakı rəqibləri tanımaq lazımdır. Bunun üçün ölkənin hədəf kütləsi bilinməlidir. Sonra marketinq strategiyası hazırlanmalıdır. Elə ola bilər, yüksək standartlı məhsul istehsal edilsin, amma onun xarici bazarda möhkəmlənməsində problem olsun.

Məhsul brend olaraq əvvəlcə yerli bazarda özünü doğrultmalıdır. Daha sonra həmin məhsulu xarici bazara çıxmaq olar. Bunun üçün düzgün marketinq startegiyası qurulmalıdır. Hazırda Azərbaycandan xaricə daha çox kənd məhsulları, şərablar ixrac olunur.

Tarixə baxdıqda Azərbaycan şokoladının zaman-zaman xarici bazarlara ixrac olunduğunun şahidi oluruq. Yəni ölkəmizin ixrac potensialı çoxşaxəlidir.

Şirkətlər çalışmalıdır ki, güclü rəqabətə girə bilsinlər. Əlbəttə, daxili bazarın tələbi ilə Avropa bazarının tələbi fərqlidir”.

İqtisadçı Pərviz Heydərov deyir ki, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair Fərman ixracqabiliyyətli məhsul istehsalını genişləndirmək, məhsulların keyfiyyətini daima yaxşılaşdırmaq, dəstək üzrə əks olunan mexanizmlər - ilkin istehsal prosesindən məhsulun ixracına qədər bütün fazaları əhatə edir: “Bu işdə “azexport.az” saytı bir növ tamamlayıcı xarakter daşıdı. Fəaliyyətə başladıqdan cəmi 1 ay ərzində xeyli həcmdə müvafiq sifarişlər əldə olunması prosesin bir növ relsə düşdüyünü göstərdi.

Təkcə 2017-ci ilin yanvar ayı ərzində sözügedən portala yerli məhsulların ixracı üçün müxtəlif ölkələrdən 4 milyon 630 min ABŞ dolları dəyərində sifariş daxil oldu. Bu təkliflər Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova və digər ölkələrdən əldə edilib. Məsələn, Bolqarıstan 4 min ton qırmızı mərci sifariş etmişdi ki, bu məhsulun ümumi dəyəri 4 milyon ABŞ dollarıdır.

Türkiyə, İraq, Liviya və Qana, Nigeriyadan ümumi həcmi 180 ton, dəyəri 350 min ABŞ dolları olan toyuq əti sifariş olundu. Moldovadan 20 min dollarlıq 20 min butılka limonad, Fransadan isə nar şirələrinin distrübutorluğu üçün sifariş daxil olub. Bütün bunlar təkcə bu ilin ilk ayının nəticəsidir.

Ümumiyyətlə, “azexport.az” saytı fəaliyyətə başladıqdan sonra Azərbaycan məhsullarının beynəlxalq platformalarda, o cümlədən “Alibaba.com”da təmsil olunma səviyyəsi fevral ayı da daxil olmaqla son 3 ay ərzində 50 dəfə artıb. Qonşu ölkələrlə müqayisədə beynəlxalq portallarda Azərbaycan məhsullarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır. Çünki “azexport.az” portalı yüzlərlə “Made in Azerbaijan” brendini qlobal və regional səviyyəli elektron ticarət portallarında sərgiləyir”.

Pərviz Heydərov qeyd edib ki, son statistika görə, bu ilin başlanğıcında 90,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib: “Bu da 2016-cı ilin eyni dövrünə nisbətən real ifadədə 49,5 faiz çoxdur. Bir sözlə desək, ölkənin postneft dövrünə gözlənildiyindən daha tez daxil olması səbəbindən iqtisadiyyatın yeni ixrac imkanlarının araşdırılması və bu sahədə mövcud potensialdan tam istifadə edilməsi məqsədilə birincisi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və ixrac missiyalarının təşkili olmaqla, ikincisi, “azexport.az” internet portalının yaradılması, üçüncüsü isə ölkənin xaricdəki səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərinin təsis və təyin edilməsi ilə çox böyük işlər görülüb və mühüm addımlar atılmağa başlanıb”.

İlhamə XANKİŞİYEV

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir


Müəllif:

Oxşar xəbərlər