Bu barədə Teleqraf.com-a Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3473,0 mln. manat proqnoza qarşı 3591,5mln. manat və yaxud 3,4 faiz çox olub. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 103,8 faiz icra edilməklə dövlət büdcəsinə 1420,8 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 67,2 faizi və yaxud 954,2 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Bu ilin birinci rübündə Dövlət Gömrük Komitəsi proqnoza 117,5 faiz əməl edərək büdcəyə 571,0 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,0 faiz və yaxud 154,1 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 62,6 mln. manat təşkil edib.
Sair daxilolmalar üzrə büdcəyə 12,1 mln. manat vəsait daxil olub. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1525,0 mln. manat vəsait transfert edilib.
2017-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 95,5 faiz və yaxud 3912,7 mln. manat icra olunub.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 1635,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz və ya 209,0 mln. manat çoxdur.
Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 5649,6 mln. manat, icmal büdcənin xərcləri isə 6752,7 mln. manat icra olunub. İcmal büdcənin kəsiri 1103,1 mln. manat təşkil edib.
İlhamə ƏBÜLFƏT