- Bu yaxınlarda ölkə başçısı İlham Əliyev Yevlaxda keçirdiyi müşavirədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin və Azərbaycan məhsullarının dünya bazarına tanıdılmasının əhəmiyyətini vurğulayıb. Sizcə, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması üçün birinci növbədə hansı addımlar atılmalıdır?
- Azərbaycanın dünya bazarına neft-qaz məhsulları satmadan qeyri-neft məhsulları çıxartması və bununla inkişaf etməsi qeyri-mümkündür. Əslində dünya bazarında rəqabət etmək qabiliyyəti həmin ölkənin iqtisadi inkişafı deməkdir. Əgər bir dövlət dünya bazarında rəqabət apara bilmirsə, deməli iqtisadi inkişafı zəifdir. Bəzən bizdə bu məsələ nədənsə unudulur. Yəni, əsas məsələ iqtisadiyyatın şaxaləndirilməsi demək deyil.
İqtisadiyyatın davamlı şəkildə inkişafının təminatının yeganə yolu dünya bazarında qeyri-mədən sektorunda rəqabət apara bilən iqtisadi sistemin qurulmasıdır. Hətta bir ölkə daxili tələbat üçün bütün məhsulları istehsal etsə belə, yenə də həmin mallar dünya bazarında rəqabət apara biləcək vəziyyətdə olmalıdır. Misal üçün, buğdanı istənilən ölkədən almaq olar. Ancaq eyni keyfiyyətdə və çəkidə olan buğdanı Qazaxıstan və Rusiyadan daha ucuz qiymətə almaq əvəzinə, Azərbaycandan alarsınızsa, burada dövlət və xalq olaraq pul itirərsiniz. Bu mənada da bunun ayrı yolu yoxdur. Bu çox çətin və olduqca vacib prosesdir.
Birincisi, Azərbaycan dünya bazarında çox yeni oyunçudur. Dünyanın 200 dövlətindən əksəriyyəti artıq yüz və ya on illərdir ki, bu bazara daxil olublar. Bu bazarda siyasi faktorlar isə elə də böyük əhəmiyyət kəsb etmir. Burada ən mühümü bazara girmək istəyən ölkələrin rəqabətə davamlılığıdır. Yəni, bazara gec gəlmək də deavantajdır.
İkinci deavantaj isə ölkə ərazisinin kiçik olması ilə bağlıdır. Azərbaycan da miqyasına görə kiçik dövlətdir. Ölkəmizin əhalisi az, ərazisi isə kiçikdir. İqtisadiyyatda da “miqyas iqtisadiyyatı” adlanan məfhum mövcuddur. Yəni, bir ölkənin əhalisi nə qədər çoxdursa və ərazi nə qədər böyükdürsə, bir malın istehsalındakı maya dəyəri bir o qədər aşağı olur. Buna misal olaraq Hindistanı, ABŞ-ı, Çini, Yaponiyanı və digər ölkələri göstərmək olar. Azərbaycanın isə daxili bazarı kiçikdir. Ona görə də burada hər hansı mal istehsal ediləndə, həcm olaraq da az istehsal olunur. Həcmi az olan məhsulun ortalama maya dəyəri hər zaman yüksək olur. Misal üçün, Çində və digər ölkələrdə bunun əksidir.
Üçüncü deavantaj odur ki, Azərbaycanın dünya okeanına birbaşa çıxışı yoxdur. Buna ingilis dilində “landlayk” deyilir. Diqqət etsək, görərik ki, dünyanın ən inkişaf etmiş dövlətlərinin dünya okeanına çıxışı var. Misal üçün, ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş dövlətlərin hər birinin dənizə çıxışları var. Azərbaycanın isə ən böyük sənaye mərkəzləri Bakı və ətraf ərazilərdə yerləşir. Bakıdan Gürcüstanın ən yaxın dəniz limanına getmək üçün ən azı 1000 kilometr quru yol qət edilməlidir. Bu çox ciddi maliyyə artımı yaradan faktordur.
Dördüncü faktor isə Azərbaycanın qonşu ölkələrinin inkişaf etmiş dövlət olmaması ilə bağlıdır. Misal üçün, İsveçrənin də dünya okeanına çıxışı yoxdur. Amma İsveçrənin varlı qonşu dövlətləri var. Varlı qonşu dövlətlərin iqtisadi tələbləri də böyük olur. Bu baxımdan da qonşuluqda olan ölkələr istehsal etdikləri malları daha rahat sata bilir.
Digər tərəfdən iqtisadi inkişafda təcrübəsi olan qonşu dövlətlərdən nəyisə öyrənmək olur. Yəni, bu cür dövlətlərin iqtisadi institutlarından zəif inkişaf etmiş ölkələr də baxıb nə isə öyrənə bilir. Azərbaycanın qonşuluq baxımından da bəxti gətirməyib. Çünki bizim bir tərəfimiz Rusiya, digər tərəfimiz isə İran, Orta Asiya ölkələri, Ermənistan və Gürcüstandır. Azərbaycanla kiçik sərhədi olan Türkiyə yeganə qonşu dövlətdir ki, onun iqtisadiyyatı dünya standartlarına uyğun gəlir. Ancaq Türkiyə də nə Yaponiya, nə Koreya deyil. Bu mənada bütün bu deavantajlar Azərbaycan üçün bu işləri görməyin həddindən çox çətin olacağından xəbər verir. Mən bunu başqa yerlərdə də söyləmişəm. Dayanıqlı iqtisadi inkişaf çox uzun və çətin prosesdir. Ona görə də qısa dönəmli rəqəmlərdən nə çox sevinmək, nə də çox ümidlənmək lazım deyil. Amma istiqamətin doğru olub-olmamasına baxmaq lazımdır. Bəs biz nə edə bilərik?
Birincisi, bizim ayrı yolumuz yoxdur. İkincisi də, anlamlıyıq ki, idxalyönümlü iqtisadi inkişaf modelinin qurulmasında vazkeçilməz məsələ insanların, azərbaycanlı iş adamının yaradıcılığıdır. Dövlətin resursları var və bunu insan qaynaqları ilə müqayisə etmək doğru olmaz. Ancaq dövlət çox böyük aparat olduğu üçün heç zaman fərdlər qədər yaradıcı olmur. Bəzən dövlətin hər hansı məsələ barədə qərar verməsi müəyyən zaman aparır. Ona görə dünya təcrübəsinə də baxsaq görərik ki, mərkəzdən idarə olunan iqtisadiyyatlar heç zaman lazımı qədər uğur qazanmır. Daha çox bazar iqtisadiyyatı istiqamətində addımlar atan ölkələr uğur qazanır. Bu nə deməkdir? Azərbaycanda insanların, iş adamının yaradıcı potensialının zəncirləri qırılmalıdır. Ən böyük məsələ bundan ibarətdir.
Azərbaycanlı iş adamı bacarıqlı insandır. Hətta, azərbaycanlı iş adamına imkan verilərsə, qış vaxtı Şimal qütbündə yaşayan insanlara soyuducu satmağa qadirdir. Qonşu İrana baxsaq görərik ki, bu ölkədə tacirlərin, iqtisadçıların böyük hissəsi azərbaycanlılardır. Ümumiyyətlə, azərbaycanlıların iqtisadi bacarıq instinktləri mövcuddur. Biz bu dəyərləri qorumalıyıq. Bütün bunlar Azərbaycan daxilində böyük rəqabət mühitinin yaradılmasından keçir. Rəqabətyönümlü mühitin yaradılması üçün dövlətin də böyük rolu lazımdır. İqtisadi mühitlər özbaşına deyil, dövlətin dəstəyi ilə yaranır. Klassik mənada burada üç əsas məsələni həyata keçirmək lazımdır. Misal da var ki, iş adamı üç əsas amildən – özündən, başqa iş adamının və xarici şirkətlərin ədalətsiz rəqabətindən qorunmalıdır. Bütün bunlar çox vacib əhəmiyyət kəsb edir. Bu cür mühit yaranandan sonra çox müdaxilələrə ehtiyac qalmır. Artıq insanlar özləri biləcək ki, harada nəyi və necə satmaq lazımdır. Dövlət aparatı isə bu işləri lazımı səviyyədə aparmağı bacara bilməz. Dövlət iş adamlarını qorumalı və əlindəki resurslardan istifadə edərək, onlara dəstək verməlidir. Bu gün neft-qaz xaricində çox az məhsulumuz var ki, Azərbaycan onu dünya bazarında asanlıqla sata bilsin. Neft-qaz məsələsində isə çox şanslıyıq. Çünki Azərbaycan nefti yaxşı keyfiyyətinə görə dünya bazarında çox üstün alıcılıq qabiliyyətinə malikdir. Ancaq digər bütün sahələrdə birmənalı olaraq Azərbaycan məhsulları xarici bazarlarda rəqabətə davam gətirə bilməyəcək.
Demək istədiyim məsələ odur ki, Azərbaycan raket mühərriki istehsalında yüz ildən sonra da yaponlarla rəqabətə girə bilməyəcək. Amma bəzi sahələr var ki, yaxın və orta zamanlara qədər həmin sahələrdə rəqabətə girə bilərik. Misal üçün, əmək tutumu çox olan sahələrdə, tekstil və mebel sektorunda Azərbaycan uğur qazana bilər. Doğrudur, bu kimi sahələrdə bu gün rəqabət apara bilmirik. Ancaq 5-10 ilə rəqabətə davam gətirə bilərik. Bunun üçün şəffaf və ədalətli bazar mühiti yaradılmalı, qabiliyyəti olanlar isə bazara girməlidir. Eyni zamanda, dövlət rəqabət əskikliyini öz qaynaqları ilə kompensasiya etməlidir. Əslində, bu ağıllı və şərtli dotasiyaların verilməsi mənasına gəlir. Yəni, elə düşünək ki, bu gün ayaqları üzərində dayana bilməyən kiçik uşağa dəstək verilir, sabah isə həmin uşaq böyüyür, güclənir və dövlətin dəstəyi olmadan özünü idarə edir.
Bir məsələni xüsusi qeyd etmək istəyirəm. İqtisadiyyatın şaxalənməsi dövlət layihəsi digər dövlət proqramları kimi insanların iştahını qabardar. Bəzi insanlar buna dövlət büdcəsindən pul yemək vasitəsi kimi də baxmaq istəyəcək. Ona görə də bu məsələdən ehtiyatlı olmaz lazımdır. O sahələr ki, sonsuza qədər subsidiyalar tələb edəcək və dövlət dəstəyi dayanandan sonra yenə də öz ayaqları üzərində dayana bilməyəcək, həmin sahələrə ümumiyyətlə nəzər yetirmək lazım deyil. Əgər dövlətin dəstəyindən və imkanlarından ağıllı şəkildə istifadə olunarsa, o zaman düşünürəm ki, Azərbaycan 10-15 ildən sonra Yaponiya, Sinqapur, Cənubi Koreya olmasa da, Şərqi və Mərkəzi Avropada kifayət qədər dayanıqlı iqtisadi sistemə sahib olan Macarıstan ola bilər. Artıq sevindirici haldır ki, biz bu istiqamətdə müsbət addımların atıldığına şahid oluruq.
- İqtisadiyyatımızın inkişafı və dünyaya tanıdılması üçün dövlətin hansı strategiyası olmalıdır?
- Dediyimiz sahələrə fikir versəniz, görərsiniz ki, dövlət artıq müvafiq addımlar atmağa başlayıb. Dövlət bunu gömrük siyasəti ilə etməyə çalışır. Artıq bəzi məhsulların üzərindən gömrük rüsumu götürülür. Bu çox əhəmiyyətlidir. Bütün bunlar iş adamına rəqabət qabiliyyəti qazanmaq qədər dəstək vermək mənasına gəlir. Bu istiqamətdə hüquqi bazanın sadələşdirilməsi sürətləndirilir.
Eyni zamanda, məhkəmə və hüquq sistemində də bir sıra addımların atılması çox vacibdir. Mülkiyyət hüququ iqtisadi inkişafın təməlidir. Mülkiyyət hüququ oturuşmuş olmayan heç bir ölkədə iqtisadi inkişaf ola bilməz. Bunun üçün də qanuni baza və daha ədalətli məhkəmə sistemi yaradılmalı, ağıllı gömrük və dotasiya siyasəti olmalıdır. Artıq bu sahələrdə də dövlət başçısı tərəfindən lazımı addımlar atılır.
Mən həm də ona görə ümidliyəm ki, tarixə baxsaq, müstəqil Azərbaycan dövlətinin mərkəzinə yerləşdirilən heç bir mövzuda uğursuzluq olmayıb. Ya əfsanəvi uğurlar əldə edilib, ya da gözəçarpan irəliləyişlər olub. Vaxtilə Azərbaycan neft və qaz ehtiyatlarını xarici şirkətlərə satmağa qərar verəndə, buna böyük əngəllər var idi. Heç kim “Əsrin müqaviləsi”nin uğur qazanacağına inanmırdı. Amma uğur qazandı. Bu həqiqətən də əfsanəvi hadisədir. Azərbaycanın “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan” və “Şahdəniz” enerji layihələri artıq kitablara düşəcək qədər bir əfsanədir. Keçmiş SSRİ üzvü olmuş ölkələr arasında Azərbaycandan savayı bunu edən ölkə olmayıb. Azərbaycan vaxtilə bunu qarşıya məqsəd qoyub və istəyinə nail olub.
Bundan başqa, Azərbaycan dövləti Qarabağın işğal edilməsinin dünyaya çatdırılması və onun işğaldan azad edilməsi məsələsini də öz qarşısına məqsəd qoyub. Bu gün biz Qarabağı geri qaytara bilməsək də, bu məsələdə ciddi irəliləyişlər əldə etmişik. Ona görə də Azərbaycanın qeyri-neft sektorunun inkişafı və öz məhsullarımızla dünya bazarına çıxmaq məsələsi gec-tez reallaşacaq.
Bir məsələni də qeyd edim ki, Azərbaycan inkişaf edən ölkədir. Ancaq indiki dövrdə xüsusilə Azərbaycanda lüks mallarla bağlı bir qədər həssas davranmaq lazımdır. Məsələn, lüks tikinti materialları və avtomobilləri almaq əvəzinə, ölkə iqtisadiyyatına fayda verən digər addımlar ata bilərik. Əgər biz vətəndaşların daha yaxşı yaşamasını istəyiriksə, o zaman Asiya mərməri və ya bahalı xarici avtomobil əvəzinə, yerli istehsala üstünlük verməliyik. Bu məhsullarda yerli istehsal heç kəsə ziyan verməz. Çünki bahalı mərmərlə Azərbaycan mərməri arasında fərq ancaq görünüş məsələsidir. Nəticədə isə milyonlarla dəyəri olan valyuta Azərbaycanda qalacaq. Normal vətəndaş üçün çox bahalı avtomobillə orta qiymətə olan avtomobilin heç bir fərqi olmaz. Ancaq arada olan yüz milyonlarla vəsait Azərbaycan iqtisadiyyatına qalacaq. Avtomobil, tikinti “ölü yatırım” sayılır. Amma lüks mallara sərf olunan valyuta Azərbaycanda qalsa və istehsal sahələrinə yönəldilsə, bu ölkəmiz üçün böyük qazanc deməkdir. Bahalı və lüks avtomobil almaqla Azərbaycana kömək edilmir. Əksinə, Azərbaycandan valyuta çıxmış olur. Ona görə də Azərbaycanda bahalı avtomobillərin gömrük rüsumu çox ağıllı olaraq qaldırılır. Bütün bunlar çox vacib addımlardır. Bununla da xüsusi əhəmiyyəti olmayan malların Azərbaycana gətirilməsi əngəllənir.
Şəxsən mən xaricdən alınan hər hansı bahalı mebelin Azərbaycana gətirlməsindən çox narahat oluram. Azərbaycan əhalisi bahalı və bəzəkli mebel olmadan da əvvəlki kimi yaşaya bilər. Bu, Azərbaycan əhalisinin sosial rifahını yaxşılaşmasına heç də təsir etməz. Ancaq həmin mebellərə xərclənən milyonlarla vəsait ölkədə qalarsa, bu əhalinin vəziyyətinə müsbət təsir edə bilər. Ona görə də gömrükdə bu kimi malların Azərbaycana gətirlməsinə qarşı vergilərin artırılmasına tərəfdaram. Ancaq insan səhhəti və həyatı üçün vacib olan mallarda isə bunun əksini etmək lazımdır.
- Azərbaycan həyata keçirilən beynəlxalq layihələrdə nə qədər uğurlu çıxış edə bilib?
- Bizim beynəlxalq layihələrdəki uğurlu çıxışlarımız daha çox mədən sənayesində olur. Təbii ki, bunun da başında neft-qaz gəlir. Xidmət sahəsində ciddi addımlar atılır. Əslində, xarici vətəndaşlara yönələn turizm sektoru bir xidmət ixracıdır. Bir növ biz öz xidmətimizi xaricilərə satırıq. Bu da bir ixracdır. Bu sahədə də yeniliklər var. Mən bunu təqdir edirəm. Azərbaycan üçün çox aşağı maya dəyərli bir addımla görün nə qədər böyük addımlar atılır. “ASAN viza” görün nə qədər xarüqələr yaratdı! Çox kiçik bir addım idi, ciddi qanunvericilik aktlarının qəbul edilməsini tələb etmədən, ani şəkildə öz müsbət nəticəsini göstərdi.
Eyni zamanda, Dövlət Neft Şirkətinin (SOCAR) xarici ölkələrdə yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bütün bunları da Azərbaycanın uğur hekayələri olaraq qeyd etmək olar.
Post-neft dövründə biz neft-qaz satışından əldə etdiyimiz vəsaitə iqtisadiyyatımızın əsası olaraq baxırdıq. Ancaq bundan sonra daha çox neft vəsaitindən gələn gəliri yeni iqtisadi modelə keçid üçün dəyərləndirmək lazımdır. Bu fürsət pəncərəsi bizə ona görə verilib ki, biz gələcəkdə yeni iqtisadi modeli daha uğurlu qura bilək.
- Hədəfimiz hara olmalıdır - Avropa, yoxsa Asiya?
- Coğrafi olaraq məsafə maya dəyərinin çox ciddi tərkib hissəsidir. Bilirsiz ki, dəniz nəqliyyatı ən ucuz nəqliyyat növü hesab olunur. Bizim isə çıxışımız olan Xəzər dənizi var. Əslində, Xəzər dənizi də göldür, dünya okeanına birbaşa çıxışı yoxdur. Ona görə də dənizə çıxışı olmayan ölkələrdə iqtisadi əlaqələr daha çox qonşu dövlətlərlə olmalıdır. Düşünürəm ki, bu məsələdə qonşu İranın, Türkiyənin, Rusiyanın potensialından istifadə etmək lazımdır. Ümumilikdə, bu üç ölkənin əhalisi 300 milyondan çoxdur. Bu boyda bazar isə bizim üçün çox əhəmiyyətlidir. Bəlkə də Azərbaycan üçün bu bazarları fəth etməyin özü dünyanın bundan ibarət olması demək olar.
Azərbaycanda neft dövrünün ən uğurlu aspektlərindən biri o olub ki, ötən dövrlərdə ölkəmizə çox dəyərli texnoloji avadanlıqlar gətirilib. Yəni, bu gün bizim kifayət qədər texnoloji kapitalımız var. Azərbaycanın ayrı-ayrı yerlərində kifayət qədər vəsaitlər texnologiyaların alınmasına yönləndirilib. Bunun nəticəsidir ki, indi Azərbaycanda hər şeyi istehsal etmək mümkündür.
Baxmayaraq ki, Avropa Azərbaycana Asiyadan daha yaxındır, ancaq bunun elə də böyük fərqi yoxdur. Bizim üçün Rusiya və ya Avropa bazarlarında mal satmağın heç bir fərqi qalmır. Çünki hər bir bazarda rəqabətə girilir, mal satılır və valyuta əldə edilir. Sadəcə olaraq, burada daha çox qalmaqdan söhbət gedə bilər. Ancaq məsafə baxımından mən hesab edirəm ki, Azərbaycan daha çox Avropaya üz tutmalıdır.
Ümumiyyətlə, ticarət məsələsində şəbəkələrin çox böyük əhəmiyyəti var. Bizim siyasi və coğrafi bağlarımız daha çox Avropa ilədir. İnsanlarımız təhsil almağa, səyahət etməyə daha çox Avropaya gedir, insanların tanıdıqları adamlar daha çox Avropa ölkələrindədir. Ona görə də Asiya ilə müqayisədə Avropa ilə əlaqələr qurmaq daha asan olacaq.
- Tez-tez belə fikirlər səsləndirlir ki, qonşu Gürcüstan Avropaya üz tutduğu üçün daha çox inkişaf edir. Bu cür fikirlərlə nə qədər razısınız?
- İlk növbədə qeyd edim ki, Gürcüstanın Qara dəniz vasitəsilə dünya okeanına birbaşa çıxışı var. Amma məni ən çox təəccübləndirən məsələ Gürcüstanın haqq etdiyindən daha çox reklam edilməsidir. Yəni, məişət səviyyəsində azərbaycanlılar xarici ölkələri tərifləməyə çox sevir. Ancaq indiyədək Azərbaycanı tərk edib Gürcüstanda yaşamaq istəyən çox az adamın adını eşitmişəm. Əksinə, Gürcüstanda yaşayan insanlar Azərbaycan vətəndaşı olmağa can atırlar. Əgər doğrudan da belə yaşamalı ölkə olsaydı, o zaman niyə Gürcüstan vətəndaşları Azərbaycan vətəndaşlığı alırlar? Ümumi vəziyyətə baxsaq, təbii ki, Gürcüstanda həyata keçirilən islahatlar Azərbaycandan qat-qat çoxdur. Əgər Gürcüstanda həyata keçirilən islahatlar Azərbaycanda olsaydı, ölkəmiz daha çox inkişaf edərdi. Lakin sırf iqtisadi vəziyyətlə bağlı məsələyə gələndə, bu gün Gürcüstandan Azərbaycana insan axını var. Gürcüstandan Azərbaycana pul qazanmağa gəlirlər.
Ümumiyyətlə, Azərbaycanla Gürcüstan ortaq iqtisadi layihələr həyata keçirə bilər. Bilirsiz ki, Azərbaycanın Dövlət Neft Şirkəti Gürcüstanın Kulevi portunu da alıb. Bu şəkildə azad ticarət zonalarından istifadə etməklə Azərbaycan iqtisadiyyatı daha çox inkişaf etdirilə bilər.
- Qonşularımızın heç də hamısı xoşməramlı deyil. Bu cür amillər Azərbaycan iqtisadiyyatının inkişafına nə dərəcədə təsir göstərə bilir?
- Əsas təsiri odur ki, Azərbaycan külli miqdarda vəsaiti hərbi sahəyə yönəldir. Hərbi sahə isə “ölü yatırım” sayılır. Çünki dünyada çox az dövlət var ki, hərbi sahəyə yatırımını eyni zamanda ixrac potensialına çevirə bilir. Bunu ABŞ və digər bu kimi dövlətlər edə bilir. ABŞ-da ən yeni texnologiyaların əsas mənbəyi hərbi sənayedir. Məsələn, video kameraların hazırlanmasının da əsas səbəbi kosmik sənaye ilə bağlıdır. Bilirsiz ki, kosmik sənayenin də əsas məqsədi “soyuq müharibə” dövründə hərbi idi.
Amma Misir kimi bir dövlət hərbi sahəyə ayırdığı vəsaiti çıxara bilmir. Misir və digər dövlətlər üçün hərbi büdcə mülkü iqtisadiyyata xərclənən pulun ortadan buxarlanması mənasını verir. Yəni, bəzi ölkələrdə hərbi yatırımlar iqtisadi inkişafa təkan verir, bəzi ölkələrdə isə bunun əksi olur. Bu məsələdə Azərbaycanın maraqlı və ağıllı mövqeyi var. Azərbaycan çalışır ki, öz hərbi-sənaye ehtiyacını daxili istehsalla qarşılasın. Misal üçün biz Cənubi Afrika Respublikası ilə birgə “Matador” və “Marauder” hərbi maşınlarını istehsal etməyə başlamışıq.
Eyni zamanda, həmin hərbi texnikaların Azərbaycanda yığılmasına da çalışırıq. Bu isə Azərbaycanda yeni iş yerlərinin yaradılmasına və texnoloji yeniliklərin öyrənilməsinə imkanlar yaradır. Artıq Azərbaycan öyrəndiyi təcrübələr sayəsində bir sıra hərbi texnikaları özü sərbəst şəkildə istehsal etməyə çalışır. Ancaq bütün bunlara baxmayaraq, yenə də hərbi büdcəmiz Azərbaycan iqtisadiyyatı üçün böyük itki deməkdir. Biz çox güclü ordu saxlayırıq. Bunun da səbəbi Ermənistanın işğalçılıq siyasəti ilə bağlıdır.
- Azərbaycan turizmdən dayanıqlı olaraq, daha çox vəsait qazanmaq üçün hansı addımları ata bilər?
- Təbii ki, dünyada dolların kursu qalxdıqca Azərbaycandan xaricə gedənlərin sayı azalacaq. Amma Azərbaycandan Gürcüstana nə üçün çox turist gedir? Bunun da öz səbəbləri var. Birincisi, Gürcüstanda valyuta dövriyyəsi çox azdır. Şübhəsiz ki, belə olan halda Gürcüstanda xidmətlər və qiymətlər Azərbaycandan daha ucuz olacaq. İstənilən halda qiymət rəqabətində Azərbaycan Gürcüstandan geri qalacaq. Dünyada buna nəzarət etmək də Azərbaycanın əlində olan məsələ deyil.
Mən Azərbaycanda daxili turizmin inkişafını çox böyük zövqlə izləyirəm. Son zamanlar Azərbaycan otellərində tez-tez oluram və buradakı xidmətin səviyyəsi məni çox qane edir. Azərbaycanda turizmin səviyyəsi hər il daha da yaxşılaşır. Düşünürəm ki, “ASAN viza” kimi addımlarla Azərbaycan bu sahədə də öz hədəflərinə çatacaq. Ancaq Azərbaycanda iş adamlarına sərbəst imkan yaradılmalıdır ki, onlar gəlib burada sağlam rəqabət mühiti yaratsınlar və turizm də inkişaf etdirilsin. Bunun üçün də müəyyən zaman lazımdır.