Bu sözləri Teleqraf.com-a iqtisadçı İlham Şaban deyib.
Onun sözlərinə görə, birincisi, ABŞ-ın neft ehtiyatları ilə bağlı həftəlik proqnozların doğrulmamasıdır:
“Analitiklər həftənin əvvəlində ABŞ-da neft ehtiyatlarının 2,3 milyon barel azalacağı ehtimalını irəli sürmüşdülər. Ancaq çərşənbə günü ABŞ Enerji Agentliyinin açıqladığı hesabatdan məlum oldu ki, azalma cəmi 930 min bareldir. Yəni ehtiyatların həcmi kifayət qədər böyükdür”.
İlham Şaban deyir ki, növbəti günlər ABŞ-a neft idxalı aşağı düşəcək:
“Bazara yönəlik həcmlərsə digər bazarlara axacaq, nəticədə xam neft satışında rəqabət güclənəcək. Ona görə də bu hesabatdan sonra qiymət sürətlə ucuzlaşmağa başladı.
İkincisi, bazar iştirakçıları arasında yaranan ab-havadır. Bazar iştirakçıları artıq OPEK və qeyri-OPEK ölkələrindən hansısa pozitiv siqnallar almırlar və ya bazara ünvanlanan bəyanatların inandırıcılıq dərəcəsi kifayət qədər deyil.
Bu səbəbdən bazarda elə bir ümid yoxdur ki, mayın 25-də keçiriləcək OPEK-in növbəti toplantısında hasilatın azaldılması ilə bağlı müsbət qərar qəbul edilsin. Daha çox gözə çarpan informasiya odur ki, bazarda yenidən izafi neft peyda ola bilər. Bu isə qiymətlərin formalaşmasına mənfi təsir göstərən amillərdəndir”.
Ekspert qeyd edib ki, hər şey OPEK-in bu ay keçiriləcək növbəti konfransındakı qərardan asılıdır:
“Növbəti dəfə hasilatın azaldılması dəstəklənərsə, hesab edirəm ki, oktyabra qədər neftin qiyməti 50 dollardan yüksək həddə ola bilər. Sonrakı dövrdə qiymətlərin müəyyən qədər azalması baş versə də, bu, illik proqnoz göstəricilərinə yaxın bir rəqəmin alınmasına gətirib çıxarardı”.
İlham Şaban əlavə edib ki, hazırda neftin qiymətlərində korreksiya gedir.
İlhamə ƏBÜLFƏT