Bunu Teleqraf.com-a sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı deyib.
Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta agentliklərinin fəaliyyətində müəyyən qüsurlar aşkar edib: “Azərbaycanda sığorta agentliklərinin bağlanması faktları çoxalıb. Son zamanlar Palata agentliklərin fəaliyyətinə ciddi nəzarət edir. Çünki onların bir çoxu sığorta adı altında qeyri-qanunu fəaliyyətlə məşğul olurlar. Qüsurlar aşkarlanan sığorta qurumlarının lisenziyası ləğv edilib”.
Ekspert bildirib ki, ötən il də bir neçə sığorta şirkəti bağlanıb: “Onların bağlanmasında bizim əvvəlcədən proqnozlaşdırdığımız səbəblər rol oynadı. Necə deyərlər, bütün yumurtaları bir zənbilə yığmaq olmaz...
Bağlanan sığorta qurumlarının fəaliyyətini təhlil edəndə məlum olur ki, onlar bilavasitə bankdan asılı olan sığorta şirkətləri olub. Bütün yığımlar həmin bankların verdiyi sığortaya yönəlib və pulu da ordan qazanıblar.
Bank biznesinin böhranda olduğu bir dönəmdə bu şirkətlərin yığımları kəskin şəkildə aşağı düşüb. Kapitallarında müəyyən problem yaranıb ki, onların ləğv edilməsi qaçılmaz şəkil alıb”.
Xəyal Məmmədxanlı deyir ki, qanunvericiliyə əsasən sığorta şirkətləri öz vəsaitlərini bir neçə bankda saxlamalı idilər: “Bankda olan sığorta şirkətlərinin əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunmur. Bağlanan banklarda da şirkətlərin pullarının batması qaşılmaz oldu. Bir çox sığorta şirkətləri bu səbəblərdən bağlandı.
Sığorta şirkətlərin əksəriyyətində ciddi vəsait çatışmazlığı var. Təəssüf ki, Azərbaycanda sığortaya “daha çox pulum olsa edərəm” prinsipi ilə yanaşılır. İcbari sığortalar üzrə artım var, amma könüllü sığorta üzrə vəziyyət isə ürək açan deyil.
Yaxın zamanda daha bir neçə sığorta şirkətinin bazarı tərk etməsi istisna deyil. Çünki onların da kapital problemləri var və yaxud rəqabət aparmağa çətinlik çəkirlər. Bir neçə şirkət birləşib, yeni bir şirkət halında fəaliyyət göstərə bilər”.
Qeyd edək ki, bu günlərdə "Atəşgah Sığorta Agentliyi " MMC və "Lider Sığorta Agentliyi" MMC ləğv olunub.
İlhamə Əbülfət