14 İyun 2017 17:25
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bu gün, iyunun 14-də açıqlanan inflyasiya göstəriciləri dolların kəskin ucuzlaşmasına səbəb olub.

Report xəbər verir ki, istehlak qiymətlərinin baza indeksi may ayında aylıq müqayisədə 0,1% artıb. Analitiklərin gözləntiləri bu göstəricinin 0,2% artacağını göstərib. İllik müqayisədə isə bu göstərici 1,9% proqnoz verildiyi halda 1,7% artıb. Yəni, artıq 3-cü aydır ABŞ-da inflyasiya 2%-i ötə bilmir.

Bununla yanaşı, pərakəndə satışın baza indeksi mayda aylıq müqayisədə 0,3% azalıb. Halbuki satışın 0,2% artacağı proqnozlaşdırılırdı.

Nəticədə, qlobal valyuta bazarında dolların məzənnəsi kəskin azalmağa başlayıb. Belə ki, hazırda əsas valyuta cütlüyündə (avro-dollar) vahid Avropa valyutasının məzənnəsi 0,5% artaraq 1,1265 USD/EUR səviyyəsinə çatıb. FED-in hətta bu gün uçot dərəcəsini artırarsa, dollarda ucuzlaşmanın davam edəcəyi ehtimalı artır. Qısa müddət ərzində əsas valyuta cütlüyü 1,1330 USD/EUR, orta müddətdə isə 1,15 USD/EUR-a qədər bahalaşa bilər. Lakin, uzunmüddətli perspektivdə dolların möhkələnəcəyi şübhəsizdir. Bunun üçün ABŞ-da uçot dərəcəsinin 2% həddini ötməsi lazımdır.


Müəllif: Teleqraf.com