Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən Teleqraf.com-a verilən məlumata görə, bağlantının Gürcüstan hissəsində üç mərhələdə (Marabda – Tetriskaro, Tetritskaro-Salka, Salka-Axalkalaki) tikinti-reabilitasiya və Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) sahəsində tikinti işləri həyata keçirilməyə başlandı və artıq işlər tamamlanmaq üzrədir.
Artıq bəzi sınaqlar həyata keçirilib. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi qatarların dizel ilə işləyən lokomotivlərlə bir neçə dəfə sınağı baş tutub. İşçi qatarları müntəzəm hərəkətdədir. Lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər.
Axalkalaki stansiyasında vağzal binasının, süni qurğuların, rabitə və İMB, elektrik təchizatı qurğularının, yol keçidinin, piyada körpüsünün, təkər arabacıqları dəyişdiriləcək məntəqənin, mikroprosessor mərkəzləşdirilməsi postunun, konteyner meydançasının, yüklərin boşaldılıb doldurulması məntəqələrinin, sərnişinlərin keçidi üçün tunelin, patrul və avtomobillər üçün yolların habelə stansiyada çalışacaq işçilər üçün inzibati binaların tikintisində işlər tamamlanmaq üzrədir.
Axalkalaki stansiyasını Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) ərazisindəki dəmir yolu ilə birləşdirən 6 dayaqlı 153 metrlik körpünün tikintisində işlər başa çatdırılıb. Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin müvafiq əmri ilə istismara qəbul edilib.
Sərhəddə tikilən 4450 metr uzunluğunda tunelin Gürcüstan hissəsinə düşən 2070 metr hissəsində (portalla birlikdə) qazma işləri başa çatdırılıb, son 90 metrdə betonlama işləri aparılır.