14 İyul 2017 01:12
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac olunub, 159 ölkədən idxal olunub.

Teleqraf.com-un Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən verdiyi məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8882,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6065,2 milyon dollar, idxalın dəyəri 2816,9 milyon dollar təşkil edib, nəticədə 3248,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,5 faiz artıb, real ifadədə isə 15,8 faiz, o cümlədən ixrac 7,9 faiz, idxal 27,6 faiz azalıb.

Ticarət dövriyyəsinin 38,9 faizi Avropa İttifaqı ölkələri, 13,0 faizi MDB üzvü dövlətləri, 48,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 21,2 faizi İtaliyaya, 13,3 faizi Türkiyəyə, 4,7 faizi Portuqaliyaya, hər biri 4,6 faiz olmaqla Gürcüstan və Kanadaya, 4,5 faizi Rusiyaya, 4,4 faizi Almaniyaya, 4,2 faizi Çinə, 4,0 faizi İsrailə, 3,9 faizi Hindistana, hər biri 3,8 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 23,0 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,3 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,7 faizi Çinin, 5,1 faizi Almaniyanın, 4,8 faizi Ukraynanın, 4,2 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,4 faizi Birləşmiş Krallığın, 3,1 faizi İranın, 2,1 faizi Qazaxıstanın, 2,0 faizi Fransanın, 25,5 faizi isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-may aylarında 556,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə isə 19,8 faiz çoxdur.

2017-ci ilin yanvar-may aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 68,6 faiz, təzə meyvə – 67,5 faiz, kartof – 25,9 faiz, tütün – 48,6 faiz, bitki yağları – 21,1 faiz, çay – 52,2 faiz, meyvə və tərəvəz şirələri – 90,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,2 faiz, meyvə və tərəvəz konservləri – 5,7 faiz, pambıq lifi – 6,2 dəfə, bentonit gili – 3,8 dəfə artıb, şəkər ixracı isə 7,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,6 faiz, polietilen – 0,6 faiz, emal olunmamış alüminium – 31,2 faiz, qara metallardan borular – 14,9 faiz, qara metallardan yarımfabrikatlar – 64,5 faiz, pambıq ipliyi – 30,1 faiz azalıb.

2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 2017-ci ilin yanvar-may aylarında xam şəkər və şəkər idxalı 1,6 faiz, təzə meyvə – 14,1 faiz, çay – 5,1 faiz, quş əti və onun əlavə məhsulları – 2,4 dəfə, mal əti – 2,6 dəfə, minik avtomobilləri – 15,5 faiz, polad prokatı – 5,6 faiz, hesablama maşınları, blok və qurğuları – 2,1 dəfə, mebel – 17,3 faiz, qara metallardan çubuqlar – 28,4 faiz, rezin şinlər – 61,2 faiz, mineral gübrələr – 5,4 dəfə, qara metallardan künclüklər ­– 35,1 faiz, məişət kondisionerləri – 49,2 faiz, paltaryuyan maşınlar – 2,2 dəfə, yük avtomobilləri – 70,1 faiz, avtobuslar – 9,4 faiz artıb, buğda idxalı isə 38,4 faiz, bitki yağları – 26,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,7 faiz, kartof – 6,4 faiz, təzə tərəvəz – 43,3 faiz, qara metallardan borular – 67,5 faiz, polietilen – 31,1 faiz, sement və sement klinkerləri – 91,5 faiz, məişət soyuducuları – 44,5 faiz azalıb.


Müəllif: Teleqraf.com