22 İyul 2014 16:03
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova müraciət edib.

Teleqraf.com saytının məlumatına görə, Vüqar Bayramov yazır: “İSİM-in əməkdaşlıq etdiyi yerli kommersiya bankının qəbul etdiyi daxili qərara əsasən, 2014-cü ilin avqustun 1-dən qeyri-hökumət təşkilatları üçün xidmət haqqı heç bir iqtisadi səbəb olmadan kəskin şəkildə artırılır. Cari hesabın aparılmasına görə aylıq xidmət haqqı 50 dəfə artırılaraq 100 manata (digər hesablar üzrə müvafiq olaraq 100 ABŞ dolları və 100 avro) çatdırılır. Dünyanın bütün normal bankları vətəndaş cəmiyyəti üçün daha aşağı tariflər tətbiq etdiyi halda sözügedən bank dünyada təsəvvürə gətirilməyən tariflər tətbiq etməklə bank sektorunda yeni bir mərhələnin əsasını qoyur. Bu, Azərbaycanın bir sıra banklarında hələ də korporativ sosial məsuliyyət mədəniyyətinin olmamasından xəbər verir.

İSİM ABŞ-in məşhur Harvard və Pensilvaniya universitetlərinin qlobal reytinqində Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi elan edilib. Əslində korporativ sosial məsuliyyət ənənəsi olan istənilən yerli bank belə beyin mərkəzləri ilə əməkdaşlıqdan qürur duymalıdır”.

Vüqar Bayramov qeyd edir ki, bankın qərarı müştərilərə yanaşmada diskriminasiyanın əsasını qoyur: “Yalnız QHT-lərə yanaşmada belə yüksək tariflərin müəyyənləşdirilməsi birmənalı şəkildə diskriminasiyadır. İkincisi, kommersiya bankının belə bir qərarı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafını ciddi şəkildə əngəlləyə bilər ki, bu da Azərbaycanda həyata keçirilən islahatların fəlsəfəsinə uyğun gəlmir. Üçüncüsü, heç bir iqtisadi əsas olmadan bir xidmət haqqının 50 dəfə artırılması süni tarifin (qiymətin) müəyyənləşdirilməsi deməkdir. Bu, Azərbaycan qanunvericiliyi ilə qadağan edilir”.

Vüqar Bayramov müraciətində Mərkəzi Bankın sədrindən məsələyə müdaxilə etməsini istəyir.

Ayxan


Müəllif: