6 Oktyabr 2017 12:38
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub.

Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan əmək bazarının səmərəliliyi üzrə hesabatda əksini tapan sıralamada digər bütün MDB ölkələrindən, eyni zamanda İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin, Malayziya və digər ölkələrdən öndə qərarlaşıb.

Ötən il açıqlanan “2016-2017 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz əmək bazarının səmərəliliyi göstəricisi üzrə əvvəlki ilə dair hesabatla müqayisədə 3 pillə irəliləmişdisə, yeni hesabatda Azərbaycan 7 mümkün xaldan 5-ni toplamaqla bundan üç dəfə çox, yəni 9 pillə irəliləyişə nail olub. Bu isə ölkədə müvafiq sahədə həyata keçirilən kompleks tədbirlərin daha yüksək effektivliyə malik olduğundan xəbər verir. Hesabatda əmək bazarının səmərəliliyi iki qrup üzrə göstəricilərin qiymətləndirilməsi əsasında ölçülür ki, bu qruplardan hər biri ümumi nəticənin müəyyən olunmasında 50 faiz səviyyəsində təsirə malikdir. Onlardan birinci qrup “əmək bazarının çevikliyi” amili ilə bağlıdır. İşçilərin iqtisadiyyatın bir sahəsindən digər sahəsinə asan, tez, az vaxt və vəsait xərcləməməklə, sosial çətinliklərlə üzləşmədən hərəkətinin təmin olunması əmək bazarında çevikliyi şərtləndirir. Bu qrup üzrə 5 indikator (işçi-işəgötürən münasibətlərində əməkdaşlıq, əmək haqlarının müəyyən edilməsində elastiklik, işə qəbul və işdən azad etmə prosedurları, ixtisar xərcləri, vergitutmanın əməyin stimullaşdırılmasına təsiri) dair göstəricilər qeyd olunur və ümumi nəticə olaraq Azərbaycan əmək bazarının çevikliyi üzrə 4,9 xalla 29-cu yerdə qərarlaşır ki, bu da ötən ilki hesabatla müqayisədə 16 pillə yüksəkdir.

İkinci qrup isə “bacarıqlardan səmərəli istifadə” amilinə aiddir. Burada da 5 indikator (ödəmə və məhsuldarlıq, peşəkar idarəetməyə əsaslanma, ölkədə insan kapitalının saxlanılma potensialı, ölkəyə insan kapitalının cəlb edilmə potensialı, əmək qabiliyyətli əhalidə qadınların iştirakı səviyyəsi) üzrə göstəricilər əksini tapır. Həmin sahələrdə ölkəmizin əmək bazarında özünü göstərən müsbət proseslər obyektiv şəkildə qiymətləndirilir. Azərbaycan əmək bazarında “bacarıqlardan səmərəli istifadə” göstəricisi üzrə İsrail, İrlandiya, Belçika, Avstriya, Fransa və s. kimi ölkələrdən daha öndə olmaqla, 5,1 xalla dünya üzrə 16-cı pillədə, yəni ötən ilki hesabatdakına nisbətən 7 pillə yüksək mövqedə yer alır.

Beləliklə, hər iki qrup üzrə aparılan təhlillərin yekunu olaraq, Azərbaycanın “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda mövqeyi 9 pillə artırılır və Azərbaycan 137 ölkə arasında əmək bazarının səmərəliliyi üzrə 17-ci yeri tutur. Bu, eyni zamanda hesabatda ölkəmizin digər sahələrlə müqayisədə ən yüksək reytinq mövqeyinin məhz əmək bazarının səmərəliliyi ilə bağlı olduğunu göstərir.


Müəllif: İlhamə Əbülfət