8 Noyabr 2017 09:14
2 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki ildən artıq bir müddətdə neftin qiymətində baş verən dəyişikliklər daha çox dünyada siyasi müstəvidə baş verən hadisələrlə bağlıdır.

Bunu Teleqraf.com-a açıqlamasında keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, bunun həqiqətən də belə olduğunu qiymətlərin ətrafında baş verən prosesləri izləyən mütəxəssislər dəfələrlə təsdiqləyiblər:

“Gəlin dediyimiz hadisələrin xronologiyasına qısa bir nəzər salaq. 2014-cü ilin ortalarından başlayaraq, Krım və Ukraynanın şərqində Rusiya ilə Ukrayna arasında başlanan hərbi münaqişəyə cavab olaraq, ABŞ və Avropanın Rusiyaya tətbiq etməyə başladıqları sanksiyalardan sonra dünya bazarlarında neftin qiymətləri birdən-birə 4 dəfəyə qədər düşdü.

Vəziyyəti tənzimləmək üçün OPEK-ə üzv olan ölkələr iki il ərzində neftin qiymətlərini sabitləşdirmək və onun yüksəlməsinə nail olmaq məqsədilə dəfələrlə toplaşıb hasilatı azaltmağa çalışsalar da, heç bir nəticə əldə edə bilmədilər. Nəhayət, uzun sürən müzakirələrdən sonra buna nail olunsa da, elə həmin gün OPEK-ə üzv olan ölkələrdən biri bu qərarı dəstəkləməyəcəyini bildirdi və bundan sonra neftin qiymətlərində bir qədər də azalma müşahidə edildi”.

Ekspert bildirib ki, cari ilin ortalarından başlayaraq neftin qiymətlərində bir qədər sabitlik yaranıb və “qara qızıl”ın qiymətinin müəyyən artımı baş verir:

“Lakin bunun nə qədər davamlı olacağını heç kim söyləyə bilməz. Təcrübə göstərir ki, dünyanın siyasi müstəvisində baş verən hər bir hadisə neftin qiymətinə təsir edə bilir.

Dünyanın siyasi düzənində baş verən son hadisələr bunun belə olduğunu bir daha sübut etdi. İraqın şimalında Kürdüstanın müstəqillik referendumu ilə bağlı baş verən hadisələr, Şimali Koreya liderinin Yaponiya və Cənubi Koreyanı raketlərlə vurmağa hazırlaşdığına dair bəyanatları, ABŞ Prezidenti Donald Trampın Şimali Koreya problemini hərbi yolla həll etməyə dair çağrışları, Səudiyyə Ərəbistanında dövlət çevrilişi cəhdi ilə bağlı yaranmış siyasi gərginlik və bu qəbildən olan istənilən hadisə neftin qiymətinə təsir edə bilir. Xüsusən, İraq Kürdüstanının müstəqilliyi ətrafında baş verən hərbi toqquşmalar və Səudiyyə Ərəbistanında baş verən son hadisədən sonra neftin qiymətləri bir qədər də artmağa başladı”.

Bəs bu proses nə qədər davam edəcək? Belə qiymət artımına güvənmək olarmı? F.Yusifov hesab edir ki, qiymətlərin siyasi motivlərlə yüksəlişinə qətiyyən güvənmək olmaz:

“Çünki bir o qədər də uzaq olmayan perspektivdə neftin qiymətinin kəskin enəcəyi bir reallıqdır. Bunu biz demirik. Bunu ən azından alternativ enerji mənbələrinin inkişaf sürəti deyir. Neft erası bitmək üzrədir. Hesab edirəm ki, neftin qiymətlərinin bugünkü artımı və bundan sonra baş verə biləcək qiymət artımları hesabına əldə ediləcək mənfəət ilk növbədə ölkədə real sektorun sürətli inkişafına təkan vermək üçün istifadə edilməlidir. Neftin qiymətinin artımı hesabına əldə olunan əlavə gəlirlərin ən səmərəli istifadə yolu bundan ibarət ola bilər. İndi Azərbaycanda neftin hasilatı bir qədər aşağı düşüb və bu səbəbdən də cari ilin birinci yarısında neft ixracı təxminən 10 faiz azalıb. Lakin buna baxmayaraq, neftin qiymətində baş verən hər bir dollar artım Azərbaycana orta hesabla hər gün 260 min dollar əlavə vəsaitin daxil olması deməkdir. Nəzərə alsaq ki, cari ilin iyun ayında neftin 1 barrelinin qiyməti dünya bazarlarında 47,6 dollar idi və indi bu qiymətlər haradasa 64-65 dollar səviyyəsinə yüksəlib, onda yarım ildən bir qədər az müddətdə qiymət artımı hesabına nə qədər əlavə vəsait əldə edildiyini hesablamaq bir o qədər çətin olmaz”.


Müəllif: Sәxavәt Hәmid