ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini 0,25-1,25 faiz səviyyəsindən 1,25-1,50 faizədək artırmasının əsas səbəbi makroiqtisadi göstəricilər üzrə proqnozlaşdırılan nəticələrin əldə edilməsidir.
Teleqraf.com xəbər verir ki, bunu FES-in uçot dərəcəsinin artırılmasına dair qərarını şərh edən sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib.
O qeyd edib ki, bu gün ABŞ-da iqtisadi aktivlik kifayət qədər yüksəkdir, əmək bazarı isə çox yaxşı göstəricilər nümayiş etdirir:
“Bu fonda bahalı dollar siyasətinin gələn il və ondan sonrakı illərdə də davam etdiriləcəyi gözlənilir. İlkin proqnozlara görə, 2018-ci ildə uçot dərəcəsinin 2,1 faizə, 2019-cu ilin sonuna 2,7 faizə, 2020-ci ilin sonuna isə 3,1 faizə yüksəldilməsi nəzərdə tutulur.
Uzun illər aparılan ucuz dollar siyasəti ABŞ iqtisadiyyatında nəzərdə tutulan yüksəlişin əldə olunması ilə nəticələndi və məhz bundan sonra mərhələlər üzrə dolların bahalaşması siyasəti yürüdülməyə başlandı. Bu çox düşünülmüş və ardıcıl şəkildə həyata keçirilən uğurlu siyasətdir. Bu siyasətin başlıca məqsədi ABŞ iqtisadiyyatına daha çox investisiyalar cəlb etmək yolu ilə onun sürətli inkişafına nail olmaqdır. Prezident Donald Trampın siyasi müstəvidə nümayiş etdirdiyi bütün çılğınlıqlara baxmayaraq, investorların ABŞ iqtisadiyyatına güvəni azalmadı və onun prezidentliyinin bir ili iqtisadi müstəvidə daha çox uğurların əldə olunması ilə yadda qaldı”.
F.Yusifov qeyd edib ki, uçot dərəcəsinin bu şəkildə qaldırılması dünyanın bir nömrəli valyutasının başqa valyutalara nisbətən möhkəmlənməsi ilə nəticələnəcək – bu qaçılmazdır:
“Lakin burada digər milli valyutaların özlərini necə apara bilməsi həmin ölkələrin iqtisadi durumundan və ixrac imkanlarından bilavasitə asılı olacaq. İqtisadiyyatı neftə bağlı olan ölkələr bu sırada iqtisadiyyatın real sektorunun sürətli inkişafına çalışmalı və bu sektordan ixracın həcminin artırılmasına nail olmalıdırlar. Biz də bu yolu tutmalıyıq. Çünki milli valyutamızın taleyi bundan çox asılıdır”.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi dekabrın 13-də uçot dərəcəsini 0,25-1,25 faiz səviyyəsindən 1,25-1,50 faizədək artırıb.