27 Dekabr 2017 11:16
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il müflis olan 11 bankda yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, “Dəmirbankda” kompensasiya olunmayacaq əmanətlərin həcmi 28,3 milyon manatdır: “Bu o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur. Əmanətlərin Sığortalanması Fondu yalnız qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir.

Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda qaytarıla bilər. Ötən il müflis olan 11 bankda da yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub. Etiraf etmək lazımdır ki, qorunan əmanətlər Fond tərəfindən tam olaraq geri qaytarılır. Bununla belə, dəfələrlər təklif etdiyimiz kimi, qorunmayan əmanətlərin taleyi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların atılmasına ehtiyac var.

Əvvəlla, bankın cəlb etdiyi əmanətlərin məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib olmalıdır. Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri qaytarılmasına imkan vermir.

İkincisi, bank mencerlərinin məsuliyyəti artırılmalıdır. Qorunmayan əmanəti cəlb edərək onu xərcləyən banklar müfıis olmaqla, yumşaq desək, “məsələni bağlayırlar”. Halbuki bank həmin pullardan faydanalanaraq qazanc əldə edib və deməli, onların qaytarılmasına da məsul olmalıdır.

Üçücünsü, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var”.

Vüqar Bayramov qeyd edib ki, bank qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir: “Qorunmayan əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullarla verilmiş kredit geri qaytarılır. Deməli, geri alınan kredit məhz qorunmayan əmanətlərin ödənilməsinə yönəldilməlidir.

Nəhayət, mediada və eləcə də sosial şəbəkələrdə belə geniş təbliğatdan sonra vətəndaşlarımızın sadəcə bir bankda 28.3 milyon manat qorunmayan əmanət saxlaması səbəblərini də izah etmək çətindir. 2-3 faiz artıq gəlirdən ötrü pulu riskə atmaq heç zaman başa düşülən deyil”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər