Rəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2 faiz artıb. Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov danışıb.
Ekspert bildirib ki, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq:
“Yeni pensiya qanunvericiliyinə əsasən, indeksasiyada 2 əsas dəyişiklik var. Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya məbləğinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya ediləcək.
İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə artıq bu anlayışdan istifadə edilmir.
2018-ci ildən bu, məbləğindən asılı olmayaraq bütün pensiyalara tətbiq ediləcək. Bu isə o deməkdir ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər”.
Vüqar Bayramov qeyd edib ki, indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq, bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır.