Azərbaycan məhsulları ABŞ alıcılarına satılacaq.
Teleqraf.com xəbər verir ki, satış “GetNSmile” layihəsi çərçivəsində həyata keçiriləcək.
Menecer Nəzrin Ağarzayeva bildirib ki, layihənin qurucusu Fuad Ağayev bu işin üzərində keçən il çalışıb:
“Bu platformada sahibkar və satıcılar öz məhsullarını bizim saytda yerləşdirərək, onları ABŞ alıcılarına təklif edəcəklər. Məqsəd yerli məhsulların xarici bazara çıxarılmasına nail olmaqdır. Bu, həm sahibkarlara gəlir götürməyə, həm də Azərbaycan məhsulunun xaricdə tanınmasına kömək edəcək.
ABŞ fərqli mədəniyyəti olan müxtəlif millətlərin yaşadığı ölkədir. Digər tərəfdən, Amerikada insanlar onlayn alış-verişi çox sevir və saytlar üzərindən alış-verişə daha artıq maraq göstərirlər”.
Layihə menecerinin sözlərinə görə, saytda müxtəlif məhsullar satıla bilər:
“Orjinal qida məhsulları, aksessuarlar, milli atributlar, geyim, kosmetika, ev dekoru, ayaqqabı və digər əşyalardan söhbət gedir. Kateqoriyalarda məhdudiyyət qoyulmur, əsas odur, qanunvericiliyə uyğun məhsullar olsun.
Qeyd etdiyim kimi, ABŞ-da fərqli ölkələrdən olan məhsullarla çox maraqlanırlar. MDB ölkələri onlara hər zaman maraqlı olub.
Yerli istehsal üçün bu, çox əla fürsətdir. Sahibklar əlavə ödəniş etmədən, hər hansi işçi saxlamadan dünyaya məhsul çıxarmaq imkanı qazanır. Biz yalnız yerli istehsal məhsullarını yerləşdirməyə icazə veririk. Hesab edirik ki, bu, ölkədə yerli istehsala birbaşa dəstəkdir”.
Nəzrin Ağarzayeva qeyd edib ki, hazırda satıcılar əl işlərini, təmiz bal və milli atributlar olan məhsulları sayta daha çox yerləşdirirlər:
“Hələlik yalnız satıcıların qeydiyyata alınma prosesi gedir. İlkin mərhələ bitəndən sonra digər mərhələyə keçəcəyik. Saytda yetərincə məhsul olandan sonra rəsmi satışa başlanılacaq”.
Qeyd edək ki, artıq San Fransiskoda “GetNSmile” layihəsinin təqdimatı keçirilib.