Azərbaycanda “Premium Euro-95” markalı benzinin qiyməti bahalaşıb.
Teleqraf.com xəbər verir ki, artıq Premium benzini yanacaqdoldurma məntəqələrində 97 qəpikdən satılır.
Ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə satılan bu növ yanacaq 4 qəpik artaraq 97 qəpik olub.
Ölkədə geniş yanacaqdoldurma məntəqələrinə (YDM) sahib olan şirkətlərdən verilən məlumata görə, qiymət artımı bu gündən etibarən baş verib.
«Lukoyl Azərbaycan» şirkətindən bildirilib ki, «Premium Euro-95» markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır: «Bildiyiniz kimi, bu növ yanacaq sərbəst qiymətlərlə satılır və gecə saatlarından etibarən qiymət 97 qəpik təşkil edib».
«Azpetrol» şirkətindən «APA-Economics»ə bildiriblər ki, sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir: «Azərbaycanda yalnız iki şirkət - ARDNŞ və «Azpetrol» «Premium Euro-95» markalı benzinin ölkəyə gətirilməsi ilə məşğuldur. «Azpetrol» adıçəkilən benzin markasını Yunanıstandan idxal edir. Dünya bazarında neftin qiymətində baş verən artım «Premium Euro-95» markalı benzinin satış qiymətinə təsirini göstərib».
Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan «Premium Euro-95» benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.
Aprel ayından Bakıdakı yanacaqdoldurma məntəqələrində AI-95 markalı benzin bahalaşıb. Əvvəl 80 qəpiyə satılan AI-95-in qiyməti Tarif Şurasının qərarı olmadan 93 qəpiyə qaldırılıb.