7 Mart 2018 18:10
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Xəzər rayonunun Şüvəlan qəsəbəsində tədbir keçirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, zeytun və badam emalı müəssisələrinin yaradılması, badam bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafı, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Qeyd edilib ki, ümumilikdə indiyədək Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 597 milyon manat güzəştli kredit verilib.

İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 5,4 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, müasir istixana komplekslərinin yaradılması, corab istehsalı, süd emalı, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 200 yeni iş yerinin açılmasına imkan yaradacaq.

Forum çərçivəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində güzəştli kredit ayrılmış corab istehsalı müəssisəsinə də baxış keçirilib. İldə 1,9 milyon cüt corab istehsal etmək gücündə olan bu müəssisədə hazırda tikinti-quraşdırma işləri aparılır və bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Müəssisədə 40 nəfər işlə təmin ediləcəkdir.

Ümumilikdə, indiyədək ümumi dəyəri 1,3 milyard manat olan 160-dan çox müasir sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 512 milyon manat güzəştli kredit verilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər