Bir neçə gün əvvəl Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər konfransının iştirakçıları Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə “Lapis Lazuli” nəqliyyat-tranzit layihəsinin reallaşdırılmasında əldə olunan nailiyyətləri alqışlayıb.
Türkmənistan Xarici İşlər Nazirliyindən verilən məlumatda qeyd olunur ki, Bakıda nəqliyyat və enerji sahələrində irimiqyaslı regional infrastruktur layihələrin reallaşdırılması ilə bağlı təşəbbüslərin əks olunduğu yekun deklarasiya qəbul edilib. Bakı deklarasiyasında həmçinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməri və Türkmənistan-Əfqanıstan dəmir yolu hissəsinin tikintisi layihələrinin reallaşdırılması üzrə səylər vurğulanıb.
Qeyd edək ki, “Lapis Lazuli” layihəsi vasitəsilə dəmir yolları və avtomobil yolları Əfqanıstanın şimalındakı Turqundi şəhəri Aşqabadla, daha sonra Türkmənbaşı ilə birləşdiriləcək. Marşrut Xəzər dənizi vasitəsilə Bakıya, oradan isə Tbilisiyə uzanacaq. Gürcüstan paytaxtından marşrut Poti və Batumiyə ayrılmaqla Ankaraya çatdırılacaq. “Lapis Lazuli” Ankaradan İstanbuladək davam edəcək.
Layihənin dəyəri 2 milyard dollar həcmində qiymətləndirilir.