ABŞ-ın ötən həftənin sonunda tətbiq etdiyi sanksiyalar nəticəsində bu gün səhər saatlarından etibarən Rusiya şirkətlərinin fond birjalarındakı səhmləri sürətlə ucuzlaşır. Səhmlərin kəskin ucuzlaşması, “Forbes” siyahısına daxil olan rusiyalı biznesmenlərin aktivlərinə ağır zərbə vurub.
Teleqraf.com xəbər verir ki, “Forbes” nəşrinin hesablamalarına görə, rusiyalı biznesmenlər gün ərzində 14,3 milyard dollar ziyan görüb.
Ən çox ziyan görən “Norilsk Nikeli” şirkətinin sahibi Vladimir Potanin olub. Onun aktivləri 10 faiz, təxminən 1,5 milyard dollar azalaraq, 14,1 milyard dollara düşüb.
Böhrana düşən ikinci milyarder Süleyman Kərimovdur. O, 1,4 milyard dollar itirib.
Oleq Deripaska isə “Rusal” və “En+” şirkətlərinə aid səhmlərin ucuzlaşması nəticəsində 1,3 milyard dollar ziyan görüb.
Azərbaycan əsilli biznesmen, “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərovun fond birjasındakı itkiləri 970 milyon dollardır.
Qeyd edək ki, ABŞ-ın ötən həftə təqdim etdiyi yeni sanksiyalar Rusiyanın səhm bazarlarına böyük zərbə vurub. Moskva fond birjasının aprelin doqquzuna saat 13:10-a olan indeksi 9,386 faiz və ya 214,12 bənd azalaraq 2067,11 bəndə enib.