18 May 2018 11:36
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gövdə hüceyrələri nəzəriyyəsi əsasında bir sıra genetik xəstəliklərin müalicəsinə cəhdlər olsa da, hələlik bu istiqamətdə birmənalı nəticə yoxdur. Genetik xəstəliklə doğulmuş və həyatda yaşayan insanların həmin xəstəliklərindən tam sağalması bugünkü elmin imkanları daxilində deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında millət vəkili Cavanşir Feyziyev genetik xəstəliklərin çoxalması səbəbləri və müalicəsi istiqamətində atılan addımlardan danışarkən deyib.

Deputatın sözlərinə görə, genetik xəstələrin sayı illər keçdikcə artır: “Amma bu, həmin xəstəliyin güclənməsi deyil, əslində əvvəllər mövcud olan, lakin təyin olunmayan yeni genetik əsaslı xəstəliklər də müəyyən olunur. Ona görə bəzən iddia olunur ki, genetik xəstəliklərin sayı çoxalır. Bu, horizontal artım deyil. Yəni 100 il əvvəllə müqayisədə eyni xəstəliklə bu gün daha çox adamın xəstələndiyi mənasına gəlmir.

Genetik xəstəliklərlə bağlı dünyada yüzlərlə elmi-tədqiqat institutları çalışır və onlar çox böyük büdcələrə malikdirlər. Müxtəlif xeyriyyə qurumları, beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilir və dünya boyunca iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə yüzlərlə belə elmi-tədqiqat institutları var.

Onlar həm genetik xəstəliklərin köhnələrini daha dərindən araşdırmaq və onların aradan qaldırılması yollarını axtarmaqla məşğuldurlar, eyni zamanda indiyədək elm tərəfindən təsbit edilməmiş, əslindəsə mövcud olmuş genetik xəstəlikləri araşdırıb onların təsnifatını ortaya çıxarır, ilkin biliklər toplayır, əhali və mütəxəssislərə çatdırırlar”.

Cavanşir Feyziyev qeyd edib ki, genetik xəstəliklər üzərində uzun müddət tədqiqatlar aparıldıqdan sonra onları müəyyən qədər idarə etməyə imkan yaranır: “Genetik xəstəliklərin hələlik bugünkü elmdə tam müalicəsi yoxdur. Çünki bu, insanın genetika səviyyəsində baş verən uyğunsuzluqlardır. Ana bətnində insan rüşeymi meydana gəldiyi zaman onun DNT-də hansısa uyğunsuzluqlar ola bilər.

Yeni yaranan fərdin DNT-də hər hansı qanunauyğunluq pozularsa, həmin döl mütləq genetik xəstəliklə dünyaya gələcək. Hazırda bunu hamiləlik zamanı təyin etmək metodları mövcuddur.

Ona görə də hamilə qadınların mütəxəssislər, xüsusilə ginekoloqlarla yanaşı genetiklə dəfələrlə görüşməsi, analiz verməsi, ekspertiza olunması çox vacibdir. Bu, hamiləlik dövrü üçün təyin olunmuş prosedurun bir hissəsinə çevrilib. Valideynlər genetik cəhətdən sağlam olmayan uşağın həyata gəlməsinin qarşısını elə hamiləliyin ilk həftələrində ala bilərlər.

Bu minvalla belə görünür ki, zaman keçdikcə genetik xəstəliklərin sayı azalacaq”.


Müəllif: Nərgiz