18 May 2018 13:50
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının həyata keçirdiyi tədbirlərə baxanda üzvlərin peşəkarlığını görmək olur. Lakin Palatanın nəzarət mexanizm əmsalı aşağıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisdə Hesablama Palatasının 2017-ci hesabatına münasibət bildirərkən deyib.

Millət vəkili Hesablama Palatasının fəaliyyətində kəmiyyətdən keyfiyyət göstəricilərinə keçilməsi ilə bağlı bəzi təkliflər də səsləndirib:

“Hesablama Palatasının fəaliyyəti nəticəsində 2017-ci ildə büdcəyə qaytarılan vəsaitlər 17 milyon manatdır. Bunun hamısı büdcəyə yənəldilməsə də, bu rəqəmdən çıxış edərək, Palatanın fəaliyyəti nəticəsində büdcəyə qaytarılan vəsaitin dövlət büdcəsi xərclərinin 0.1 faizindən artıq olduğunu demək olar. Bu açıq şəkildə göstərir ki, nəzarət mexanizminin faydalı iş əmsalı xeyli dərəcədə aşağıdır. Hesablama Palatası fəaliyyətini səmərəli şəkildə həyata keçirmək üçün beynəlxalq normalardan istifadə edir. Hesab edirəm ki, dövlət maliyyə nəzərəti haqqında qanun qəbul edilməlidir. Hesablama Palatasının səlahiyyətinin artırılması, həm də bu qanunun qəbulu vacibdir”.

Millət vəkili korrupsiya hallarına qarşı mübarizə tədbirlərini effektli hesab etmədiyini də deyib: “Hesablama Palatası ötən il nöqsanlara yol verən 258 şəxsə qarşı müxtəlif intizam tədbirləri həyata keçirilib, onlardan 9 nəfər işdən azad edilib. Azərbaycanda nəzarət mexanizmi paradoksludur. Eyvanda bir kərpic qoyanda dövlət orqanları onun başına toplanır. Lakin dövlət hakimiyyət orqanlarında bu məsələyə yolavermə prinsipi ilə yanaşılır. Yalnız məmur işdən çıxarılır. O, milyonlarla manat vəsaiti mənimsəmiş olur. Yalnız vəzifədən çıxarmaq yanlış yanaşmadır. Bundan başqa, Palata korrupsiya hallarına qarşı da effektli tədbirlər görür. Lakin Hesabalama Palatası hansısa məmur korrupsiyaya qurşanana qədər onun yolunu kəsməlidir. Bunun da yolları aydındır. Dövlət vəsaitindən istifadədə istrafçılıq, bəzən bir obyektin tikilməsinə iki-üç dəfə artıq vəsait ayrılır. Bu hallara qarşı mübarizə tədbirləri dəfələrlər burada da qaldırılıb. Nə üçün gübrə 12-14 manatadır, amma 20-25 manata satılır? Nə üçün Hesablama Palatası bu istiqamətdə iş görmür?"


Müəllif: Teleqraf.com