Azərbaycanda taxıl əkini zamanı keyfiyyətsiz toxumlardan istifadə edilir. Bu, fermerlərin nöqsanları sırasındadır.
Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Materialları Agentliyi Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov bildirib.
Onun sözlərinə görə, hər bir fermer ziyanverici həşəratlara qarşı dərmanlardan istifadə etməlidir:
"Əhalinin gübrə ehtiyatı 12 faiz təşkil edir. Fermerlər buğda əkilməsinə üstünlük vermirlər. Azərbaycanın özündə buğdaya ehtiyac böyükdür. Yerli fermerlər nə qədər buğda istehsal etsələr, biz onları limitsiz şəkildə qəbul etməyə hazırıq. Lakin əsas şərt odur ki, keyfiyyət baxımndan məhsul beynəlxalq standartlara uyğun olsun".
Zülfüqar Məmmədov əlavə edib ki, yeri taxıl istehsalçıları keyfiyyət göstəricilərinə uyğun buğda istehsal ediblərsə, Fonda müraciət edə bilərlər:
"Şəffaflıq üçün Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə müraciət etmişik ki, analiz prosesində onların da əməkdaşları iştirak etsinlər.
Ötən il ölkədə buğdanın 1 tonu 270-280 manatla qəbul olunub. Bu il isə 300 manat məbləğindədir. Ötən il ərzində un istehsal edən şirkətlər tərəfindən 58 min ton buğda alınıb. Bu fondla müqayisədə daha böyük rəqəmdir, çünki un istehsal edən şirkətlər keyfiyyət dərəcəsi orta olan buğdadan da un istehsal edə bilirlər.
Biz beynəlxalq normalara və qeyd etdiyimiz standartlara uyğun olan məhsulları qəbul edirik.
Əhalinin sayına və beynəlxalq tibbi normalardan aslı olaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi ərzaq bazarı səbətinə görə illik 1 milyon 800 min ton taxıl yığılır".