Azərbaycanda neftin nə vaxt tükənəcəyi ilə bağlı məsələ mürəkkəbdir. Bu, neftin həcmi və istismarı ilə bağlı olan məsələdir.
Teleqraf.com-a açıqlamasında ekspert İlham Şaban belə deyib.
Ekspert qeyd edib ki, OPEC-lə yanaşı, BP şirkətinin hesabatında da Azərbaycanın 7 milyard barrel neft ehtiyatının olduğu bildirilib:
“Azərbaycanda illik təxminən, 200 milyon barrel neft hasil edilir. 7 milyardlıq cari hasilata baxaraq, neftin təxminən nə vaxt tükənəcəyi, yaxud nə vaxta qədər bəs edəcəyi ehtimalını irəli sürmək olar. Amma bu, reallığı əks etdirmir. Çünki Azərbaycanda neft hasilatı azalır. Azaldığı üçün də neft ehtiyatlarının hansı vaxta qədər bəs edəcəyi periodu uzanır”.
İlham Şabanın sözlərinə görə, Azərbaycanda neft ehtiyatları ilə yanaşı, qaz yataqlarında kondensat ehtiyatları var. Kondensat ehtiyatlarının həcmi kifayət qədər böyükdür: “Məsələn, “Şahdəniz-2” yatağında 200 milyon ton kondensat ehtiyatı var. “Abşeron” yatağında isə ehtiyat 45 milyon tondur. Açılması gözlənilən “Babək” yatağında isə 50-70 milyon ton kondensat ehtiyatı var. İstismar edilən digər yataqlarda da ehtiyatlar kifayət qədər çoxdur. Yəni, bu ehtiyatlar istismar edilən neft ehtiyatlarını kompensasiya edir.
Başqa sözlə, əgər 2040-cı il mövcud neft ehtiyatlarının tükənməsi dövrü hesab olunur, amma tükənmə periodunun uzanmasına görə bu, 2060-2065-ci illərədək uzana bilər”.
Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanın 7 milyard barrel təsdiqlənmiş neft ehtiyatlarının olduğunu açıqlayıb.