Azərbaycanda iyun ayında leysan yağışları hər 10 ildə 7-8 dəfə baş verir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, leysan xarakterli güclü yağışların yağması iyun ayının birinci və ikinci yarısı üçün səciyyəvidir: “Azərbaycanda mayın 20-dən iyunun 20-ə kimi leysan xarakterli yağışların yağması və selə çevrilməsi gözləniləndir”.
Məhərrəm Həsənovun sözlərinə görə, şimal rayonlarımıza şimal-qərb istiqamətində hava kütlələri Qara dəniz və Gürcüstan üzərindən daxil olub, hava kütləsinin kondensasiyası nəticəsində güclü leysana çevrilib: “Balakən, Şamaxı, Şəki, Zaqatala, Qax rayonları, Böyük Qafqazın cənub yamacları üçün leysan yağışları səciyyəvidir. Selli çaylar bu ərazilərdə yerləşdiyindən daşqınlar da daha çox bu bölgələrdə baş verir”.
Məhərrəm Həsənov deyib ki, çaylarda sululuq davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, mayın 11-i gecədən 12-i səhərədək ölkə əraqzisində qeyri-sabit hava şəraitinin davam etməsi nəticəsində ən çox yağıntı Balakən, Qəbələ, Zaqatala ərazilərində qeydə alınıb: “Mayın 13-ü gündüzədək qeyri-sabit hava şəraiti davam edəcək. Həmin gün havanın mülayimləşəcəyi, sonrakı günlərdə yağmursuz keçəcəyi gözlənilir”.
Baş hidroloqun sözlərinə görə, gözlənilən yağışlarla əlaqədar Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında qısamüddətli daşqınlar müşahidə edilib: “Yağan yağışlar nəticəsində Göyçay çayının yuxarı hissəsində qısamüddətli daşqın qeydə alınıb. Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay, Kürəkçay, Gəncəçaylarında suyun səviyyəsində 5-10 sm, Quba Qusar rayonlarının dağ çaylarında 1-5 sm artım olub. Bu gün ərzində yağışların davam etməsi ilə bağlı Böyük Qafqazın cənub yamacı çaylarında sululuğun çoxalması gözlənilir”.
Qeyd edək ki, iki gündür Şamaxı və Balakəndə leysan xarakterli güclü yağışların yağması nəticəsində bəzi fəsadlar yaranıb. Balakən rayonunda Dəli çayın daşması nəticəsində 8 avtomobil körpüsünü sel aparıb.
Eyni zamanda 680-dən çox evin həyətinə və zirməsinə su dolub, bir neçə piyada keçidi uçub. Nəticədə Balakəndə körpülər uçub, yollar dağılıb.