Azərbaycanda bank sisteminin sağlamlaşdırılması hakimiyyətin qarşısında duran əsas vəzifələrdən biridir.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, faizlər yüksək olduğu üçün kredit alan fiziki, yaxud hüquq şəxslər sonradan onu qaytara bilmirlər: “Bu səbəbdən vaxtı keçmiş kreditlərin məbləği artıq 1,8 milyard manata yaxınlaşıb. Bu, çox ciddi problemdir. Araşdırmalardan məlum olub ki, devalvasiyadan sonra bank sistemində vəziyyət gərginləşib. Yəni bu gün bankların yalnız 4-5-nin kapital problemi yoxdur. Digərlərinin isə kapital problemi olduğundan bunu həll etmək lazımdır.
Bank faizlərini aşağı salmağa ehtiyac var. Çünki bu faizlər aşağı salınmasa yatırımda da müəyyən əziyyət çəkiləcək. Bunun üçün ilk növbədə bank sisteminin kapitallaşmasına nail olmaq lazımdır. Daha sonra aşağı faizlə kreditlərin verilməsini tələb etməliyik”.
Vahid Əhmədovun sözlərinə görə, hazırda bank sistemi üzərində əsas nəzarət mexanizmi Maliyyə Bazarlarına Nəzarət Palatasına aiddir: “Palata və Mərkəzi Bankın köməyi ilə kredit fazilərini azaltmaq olar”.
Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında Azərbaycanda kredit fazilərinin çox yüksək olduğunu deyib. Elman Rüstəmovun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 11%-dən 10%-ə endirilib, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna simmetrik diapazonda +/-2% səviyyəsində olması barədə qərar qəbul edib.