29 İyun 2018 17:15
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti havalarda insan orqanizmi tərləmə ilə əlaqədar çox miqdarda su, duz və minerallar itirir. Bunun isə ürək-damar sisteminə mənfi təsiri olur.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev deyib.

Onun sözlərinə görə, ürək-damar xəstəliyi olan insanlar anomal istilərdə çox ehtiyatlı olmalıdırlar: “Çünki yay aylarında ürək tutmaları, infarkt, ürək xəstəliklərinin ağırlaşmasına daha tez-tez rast gəlinir. Buna görə də isti havalarda belə xəstələr özlərini qorumalıdırlar. Xüsusilə saat 12:00-dan 16:00-dək günəş şüalarından uzaq dayanmalıdırlar. Temperatur yüksək olduqda bol miqdarda su qəbul edilməlidir ki, orqanizm itirdiyini bərpa etsin.

Ürək xəstəliyindən əziyyət çəkən insanların dərmanlarında korreksiyaya ehtiyac ola bilər. Bu xəstələr təzyiq və ürək dərmanlarında düzəliş edilməsi üçün həkimlə məsləhətləşməlidirlər. Çox isti keçən illərdə ürək-damar xəstəliyindən ölüm halları xüsusilə çox olur. Havanın temeperaturu yüksəkdirsə, məkandan asılı olmayaraq isti hava orqanizmə eyni formada təsir edir”.

İsti havalarda qidalanmaya diqqət yetirilməsinə toxunan həkim deyib ki, yay aylarında və anomal istilərin keçdiyi vaxtda yüngül qidalardan, sulu xörəklərdən, meyvə-tərəvəzdən çox istifadə olunmalıdır: “Yay fəslində ətli, yağlı, ağır yeməklərdən uzaq durmaq lazımdır”.

Kamran Musayev anomal istilərdə adi günlərlə müqayisədə xəstəxanaya ürək-damar problemi ilə əlaqədar müraciətlərin çoxaldığını deyib.

Bəs anomal istlərdə açıq havada işləyənlərlə bağlı nələrə diqqət edilməlidir?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, 41 dərəcədən yuxarıdırsa, havanın temperaturunu suni sürətdə dəyişmək mümkün deyilsə, həmin məkanlarda iş dayandırılmalıdır. “İşlərin dayandırılması mümkün olmayan yerlərdə işəgötürən təxirəsalınmaz tədbirlər görməlidir. Çətirlər quraşdırmalı, işçilərə sərinləşdirici içkilər verilməli, şlyapalar paylanmalıdır. Çünki işçinin sağlamlığına sahibkar məsuliyyət daşıyır.

Praktikaya nəzər saldıqda görürük ki, bu gün şəhərin dörd bir tərəfi bağlıdır. Həm havanın temperaturunun yüksək olması, həm də asfaltın istiliyi işçilərin sağlamlığına uzunmüddətli planda ziyan verir. Bu gün hər yerdə asfalt çəkilişi gedir. Binaların üzərində açıq havada tikint işləri aparılır. Sahibkarlıq subyektlərində yoxlamalar aparılmadığına görə işə götürən özü işçisinin sağlamlığını düşünməlidir, ona qul kimi yanaşmalı deyil”.


Müəllif: Elxan Süleymanov

Oxşar xəbərlər