“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat Sənayesində Şəffaflığın artırılmasında sosial şəbəkələrin rolunun təşviq edilməsi” layihəsi çərçivəsində ilk tele-debatını keçirib.
Teleqraf.com xəbər verir ki, tele-debatın qonaqları Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli olub. Ekspertlər hasilat sənayesində şəffaflığın təmin edilməsinin əhəmiyyəti, neft və digət mədən hasilatından əldə olunan gəlirlərin idarəolunmasına dair sualları cavablandırıb, təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, “Hasilat Sənayesində Şəffaflığın artırılmasında sosial şəbəkələrin rolunun təşviq edilməsi” layihəsi 4 ay davam edəcək. Layihə çərçivəsində hasilat sənayesi üzrə araşdırma yazılar, müsahibələr hazırlanacaq. Azərbaycan dövlətinin hasilat sənayesndə şəffaflıq sahəsində gördüyü işlər tədqiq olunacaq və ictimaiyyətə çatdırılacaq.
Hazırlanacaq yazılar bir neçə elektron informasiya resursunda dərc ediləcək və sosil şəbəkələrdə paylaşılacaq. Həmçinin Feysbuk və İnstaqram sosial şəbəkəsində HSŞ-la bağlı səhifələr yaradılacaq. Səhifələr moderator tərəfindən idarə olunacaq. Media nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın üzvlərilə görüşlər təşkil ediləcək. Mövzu ilə bağlı internet televiziyasında debatlar təşkil ediləcək. Layihə müddətində ictimai müzakirələr keçiriləcək. Yekunda isə təkliflər hazırlanacaq və mətbu orqanlarda nəşr olunacaqdır.
Məlumat üçün bildirək ki, "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" ideyasını ilk dəfə 2002-ci ildə Yohannesburqda keçirilən Dayanıqlı İnkişaf üzrə sammitdə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler irəli sürüb. Bu təşşəbbüsün məqsədi Mədən Sənayesindən gələn gəlirlərin dayanıqlı inkişafa və yoxsulluğun aradan qaldırılmasına yönəltməkdir. 2004-cü ilin noyabrın 24-də "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri, yerli və xarici neft şirkətlərinin, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar. Ötən dövr ərzində Azərbaycanda şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, bütövlükdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində beynəlxalq aləmdə ümumən qəbul edilən prinsiplərə və ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verilib.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Dövlət Xidmətləri Mükafatı”na və “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb.
Bütün bunlara baxmayaraq, təəssüf ki, Azərbaycana qarşı qərəzli münasibət hasilat sənayesi üzrə beynəlxalq təşkilatlarda da özünü göstərib. Bütün bunlara görə, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının üzvlüyündən imtina edərək prezidentin 05 aprel 2017-ci il tarixli fərmanı əsasında özünün Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasını təsis edib.