İctimaiyyətin qiymət artımından irəli gələn narahatlığına əsas yoxdur. Azərbaycan dövləti öz vətəndaşının rifahı naminə bütün addımları hesablanmış formada atır.
Teleqraf.com xəbər verir ki, bunu “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarına münasibət bildirərkən deyib.
Media Qrupunun rəhbəri onu da bildirib ki, qonşu dövlətlərlə müqayisədə bizdə nəqliyyat sektorunda qiymətlər çox aşağıdır:
“Tarif Şurasının açıqlamasında da göstərilib ki, hər hansı bir narahatlığa əsas yoxdur. Dövlət müxtəlif sektorlarda qiymətin süni şəkildə artırılmasına nəzarət edir. Hesab edirəm, ölkə nəqliyyatının qiymətinin qalxmasını kimsə siyasi manipulyasiya predmetinə çevirirsə, bu əsassızdır, uğursuz olacaq.
Çünki xalq öz dövlətinin yanındadır. Dövlət tərəfindən atılan hər bir addım cəmiyyət tərəfindən müsbət qiymətləndirilir. Bu gün ölkənin nəqliyyat sistemi müasir standartlara uyğunlaşdırılıb və günün tələblərinə cavab verir. Hətta nəqliyyat sektorunda vahid kart sisteminin tətbiqi belə Azərbaycanın inkişaf etməsinin göstəricisidir. Bildiyiniz kimi bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmiryol xətti istifadəyə verildi. Bu layihə Azərbaycanın dəmiryolu vasitəsilə beynəlxaql arenaya çıxışını təmin etdi. Ümumilikdə nəqliyyat sisteminin inkişafı dövlətin ən prioritet istiqamətindən birinə çevrilib”.
B.Quliyev həmçinin qeyd edib ki, əgər zərurətdirsə, qonşu dövlətlərlə, dünyada gedən proseslərlə uyğunlaşma gedirsə, bunu təbii qarşılamaq lazımdır:
“Bu addımları hər hansı oyun alətinə, siyasi manipulyasiyaya çevirmək lazım deyil. Belə məqamlarda dövlət öz vətəndaşının hüquqlarını böyük həssaslıqla qoruyur. Kimsə süni qiymət artımına yol verərsə, öz marağı çərçivəsində çıxış edərsə, bunun qarşısı dövlət tərəfindən alınmalıdır və alınacaq”.
Qurum rəsmisi əlavə edib ki, bütövlükdə Tarif Şurası hər hansı bir qərar üzərində işləyərkən, ilk növbədə həmin qərarın təhlilini aparır və sonra yekun nəticəyə gəlinir:
“Əgər nəzərə alsaq ki, dövlət başçısı xalqın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atır, dövlətimiz bu və ya digər şəkildə mühüm sosial layihələr reallaşdırır, bu zaman mövcud qiymət dəyişikliklərində heç bir problemin olmadığını əminliklə deyə bilərik”.