"Manatın devalvasiyaya məruz qalacağına dair deyilənlər iqtisadi hesablanmalara əsaslanmır. Milli valyutanın devalvasiyaya uğraması üçün lazım olan şərtlər hazırda mövcud deyil. Ona görə də hesab edirəm ki, səsləndirilən fikirlərin heç bir əsası yoxdur".
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili manatın devalvasiyaya məruz qalacağına dair səslənən fikirlərə münasibət bildirərkən qeyd edib.
T.Mirkişilinin sözlərinə görə, neftin indiki qiyməti, idxal-ixracdakı müsbət saldo, ÜDM-un həcmindəki artım manatın taleyilə bağlı nikbin proqnozlara əsas verir: "Milli valyuta o zaman ucuzlaşır ki, ölkəyə valyuta axınında azalma olsun. Hazırda dünya bazarlarında Azərbaycan nefti 70 dollardan baha satılır, halbuki dövlət büdcəsində neftin qiyməti 45 dollar nəzərdə tutulub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda heç bir iqtisadi və maliyyə çətinliyi mövcud deyil. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur".
Azərbaycanda valyuta ehtiyatlarının kifayət qədər olduğunu bildirən deputat qeyd etdi ki, manatın devalvasiyaya uğrayacağına dair deyilənlər yalandır, peşəkar yanaşma deyil: "Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsi 31 faiz, ixracın həcmi 24 faiz artıb. Belə bir şəraitdə manatı heç bir risk gözləmir".