9 Avqust 2018 21:45
1 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dolların kursu heç vaxt kəskin şəkildə qalxmayacaq. Üzən məzənnəyə keçid olub ki, bu da zəruri addım idi. Manatın alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsindən, yəni yüksək inflyasiya səviyyəsindən söhbət getmir. İnflyasiyanın səviyyəsi əvvəlki illərə uyğun olacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Rafael Cəbrayılov deyib.

Onun sözlərinə görə, hazırda manatın kursu sabitdir: “Kəskin artımın olacağını iddia eləmək absurddur. Bir neçə qəpiyin artıb-düşməsi dünyada qəbul olunmuş haldır. Bəzən birjalar dolları süni şəkildə artırır və dünya miqyasında böyük pullar qazanılır. Əslində dolların 78 qəpik olması qeyri-normal hal idi. Çünki Azərbaycan kimi kiçik ölkənin valyutasının ABŞ kimi fövqəldövlətin valyutasından 22 faiz artıq olmasını normal deyildi.

Diletant düşüncə sahibi olan insanlar deyir ki, Azərbaycan neft və qaz ölkəsidir. Bu, ona əsas vermir. Ölkəmiz kiçikdir, neft və qaz ehtiyatları qat-qat Azərbaycandan çox olan dövlətlər var, elə ABŞ-ın özü müqayisəyə gəlməyəcək dərəcədə böyük ehtiyatlara malikdir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı hər kəsin gözü qarşısındadır: “Dünyanın qabaqcıl ölkələrin iqtisadiyyatının ilk 20-25 ilini Azərbaycanla qarşılaşdırsaq, dövlətimiz müqayisə edilməyəcək dərəcədə öndədir. Tarixdə Sankt-Peterburqun nələrin hesabına tikildiyini göz önünə gətirək, yenidənqurma və quruculuq həmişə qurbanlar, maddi və iqtisadi məhrumiyyətlər tələb edir.

Çətinliklər çəkmədən qurub-yaratmaq mümkün deyil. Şükürlər olsun ki, Azərbaycanda infrastruktur qurulub, hazırda onun təkmilləşdirilmə prosesi gedir. İnkişafımız sıfırdan başlamır, söhbət bunun intensivləşməsindən gedir. Mən bu məsələlərdə nikbinəm, ölkəmizi işıqlı gələcək gözləyir”.


Müəllif: Teleqraf.com