2018-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikası dövlət borcunun ümumi məbləği 17 milyard 7,4 milyon manat təşkil edib.
“Marja” “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına istnadən xəbər verir ki, məcmu dövlət borcunun 15 milyard 978,1 milyon manatı (9 milyard 398,3 milyon ABŞ dolları) və ya 93,9 faizi xarici, 1 milyard 29,3 milyon manatı və ya 6,1 faizi daxili dövlət borcunun payına düşür.
Xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz, daxili dövlət borcunun ÜDM-ə nisbəti 1,5 faiz olmaqla, ölkənin məcmu dövlət borcunun 2017-ci ildə ÜDM-ə nisbəti 24,3 faizdir.
Məcmu dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti 23,8 faiz olub. Xarici dövlət borcunun 3.331,4 milyon ABŞ dolları və ya 35,5 faizi xarici valyuta nominallı dövlət qiymətli kağızlarından, 5.510,4 milyon ABŞ dolları və ya 58,6 faizi hökumətin birbaşa cəlb etdiyi kreditlərdən, 556,5 milyon ABŞ dolları və ya 5,9 faizi isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir.
Xarici dövlət borcunun 45,1 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 51,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 3,7 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Dəyişkən faiz dərəcəsi ilə olan borc öhdəliyi xarici borc məbləğinin 52,8 faizini, sabit dərəcə ilə olan isə 47,2 faizini təşkil edir.