28 Avqust 2018 23:55
2 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay fəslinin son ayı olan avqust da artıq baş çatmaq üzrə olduğundan aqrar sektorda payızlıq əkinə hazırlıq işləri başlamaqdadır. Respublikanın ayrı-ayrı bölgələrində iqlim şəraitinə və öncəki ənənəyə uyğun olaraq müxtəlif məhsulların əkini üçün tədarük görülür, müzakirələr aparılır. Ötən illərdə olduğu kimi, yenə də ölkə iqtisadiyyatı baxımından strateji əhəmiyyət kəsb edən aqrar məhsulların əkini ön plandadır. Bəs görəsən, bu il Kənd Təsərrüfatı Nazirliyinin plan və proqnozları necədir? Ölkədə nə əkiləcək və nə qədər əkiləcək? Fermerlər hansı məhsulların becərilməsində daha maraqlıdırlar?

Bu sualları cavablandıran Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində yaradılmış Aqrar Tədqiqatlar Mərkəzi artıq 2019-cu il üçün kənd təsərrüfatı sahəsi üzrə ilkin proqnoz göstəriciləri müəyyənləşdirib: “Göstəricilər bölgələr üzrə aparılmış tədqiqatlar, nazirliyin bitkiçilik şöbəsinin araşdırmaları, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yerlərdən təqdim etdiyi statistik məlumatlar, əkin aparılacaq sahələrin təsnifləşdirilməsi əsasında hazırlanıb. Proqnoz göstəriciləri hazırlanan zaman gələn il üçün bitki növləri üzrə əkin sahələrinin optimal strukturu, məhsuldarlığın artması hədəfi əsas götürülüb.

Proqnozlar həmçinin fermerlərin gələn il hansı bitkiləri becərməyə daha maraqlı olduğunu üzə çıxarıb. Hazırlanan göstəricilər ilkin xarakterlidir və yaxın aylar ərzində proqnozların reallaşma ehtimalı daha yüksək göstəricilər ehtiva etmiş olacaq”.

Anar Hüseynovun sözlərinə görə, araşdırmalar göstərir ki, gələn il bölgələrdə fermerlər çəltik, dənlik qarğıdalı, tütün, şəkər çuğunduru, dən üçün günəbaxan, bostan və tərəvəz bitkiləri, kartof, üzüm və çay becərməyə daha maraqlı olacaqlar: “Ən çox maraq dənlik günəbaxan, qarğıdalı və üzüm becərilməsi sahəsində müşahidə edilir. 2019-cu ildə əvvəlki ilə nisbətən əlavə olaraq daha 1500 ha ərazidə günəbaxan, 2000 ha ərazidə isə qarğıdalı əkini aparılacaq. Ümumilikdə 2019-cu ildə 13 min ha ərazidə dən üçün günəbaxan, 34 min hektar ərazidə isə dən üçün qarğıdalı əkini proqnozlaşdırılır”.

Nazirlik rəsmisinin sözlərinə görə, yeni əkin mövsümündə üzüm sahələrinin də genişləndiriləməsi növbəti il bu məhsulun daha da bol olmasını gətirib çıxara bilər: “Bu il ölkə üzrə 16500 hektar ərazidə üzüm becərilibsə, gələn il fermerlər üzüm sahələrinin sahəsini daha 1000 ha artırmağı nəzərdə tuturlar. Gələn il həmçinin çay plantasiyalarının ərazisinin daha 500 hektar artacağı gözlənilir.

Araşdırmalara görə, 2019-cu ildə ölkədə meyvə bağlarının ərazisinin 8700 hektar artırılaraq 200 min hektara çatdırılacaq.

Növbəti ildə fermerlərin əlavə olaraq 4800 hektar ərazidə tərəvəz, 1000 ha ərazidə bostan bitkiləri əkəcəyi də gözlənilir.

Nazirliyin apardığı araşdırmaların ilkin analizi göstərir ki, ümumilikdə gələn il əkin sahələri artacaq bitkilər üzrə məhsuldarlıq 2018-ci ilə nisbətən daha yüksək olacaq: “Bu, həm daxili bazarda tələbatın ödənilməsi, həm də ölkənin ixrac potensialının artması baxımından pozitiv tendensiya kimi dəyərləndirilir”.

Musavat.com


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər