Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri Rusiya-Azərbaycan münasibətlərində strateji müttəfiqlik baxımından yeni mərhələnin başlanması kimi xarakterizə olunur. İmzalanan sənədlərdə nəzərdə tutulan fəaliyyətlər, bu fəaliyyətlərə uyğun müəyyənləşdirilmiş prioritetlər, eləcə də strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı addımlar onu deməyə əsas verir ki, Rusiya ilə həm dövlətlərarası, həm də şirkətlərarası münasibətlər növbəti dövrdə daha da inkişaf edəcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu, hər iki ölkənin iqtisadi maraqları baxımından çox vacibdir.
Ekspert səfər çərçivəsində imzalanan sənədlərin region üçün kifayət qədər əhəmiyyətli olduğunu qeyd edib: “Azərbaycan və Rusiya müstəqil dövlətlər kimi öz milli maraqlarını qoruyaraq bu anlaşmaları imzalayıb. Bu müqavilələr hər iki dövlətin maraqlarına uyğun sənədlərdir. Şimal-Cənub nəqliyyat dəhlizi regionun əhəmiyyətini artıran layihə kimi qiymətləndirilir. Bu dəhlizin reallaşdırılması Rusiyadan başlayaraq yüklərin Hindistana qədər nəql edilməsinə imkan verəcək. Eyni zamanda, gömrük və digər sektorlarda əməkdaşlıq iki ölkənin gələcəkdə strateji müttəfiqliyinin genişləndirilməsinə xidmət edəcək sənədlərdir”.
Rusiyanın iqtisadi baxımdan Azərbaycan üçün strateji müttəfiq olduğunu vurğulayan Vüqar Bayramov söyləyib ki, Rusiya Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaşıdır: “Azərbaycanın 1,5 milyard dollardan çox qeyri-neft ixracının 34 faizi Rusiyanın payına düşür. Bu isə o deməkdir ki, Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracı təxminən yarım milyard dollardır. Azərbaycanın ixrac etdiyi aqrar məhsulların 90 faizdən çoxu Rusiya bazarına göndərilir. Nəticədə Rusiya qeyri-neft, eləcə də aqrar məhsulların ixracında əsas tərəfdaş rolunu qoruyub saxlamaqdadır. Rusiya Azərbaycan iqtisadiyyatına sərmayə yönəldən ölkələrdən biridir. Dövlət Neft Fondu Rusiya bazarında sərmayə qoyuluşları həyata keçirir”.
Ekspertin fikrincə, ölkələrimiz arasında münasibətlər yalnız dövlət səviyyəsində deyil, şirkətlər səviyyəsində də inkişaf edir: “SOCAR-la şirkətlərarası müqavilənin imzalanması strateji əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsindən xəbər verir. Bu səfər onu göstərir ki, Azərbaycan həm inkişaf etmiş Avropa ölkələri ilə, həm də Rusiya ilə bərabər səviyyəli strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq Azərbaycanın milli və iqtisadi strateji maraqları çərçivəsində reallaşıb”.