Payız ilin ən qeyri-sabit dövrüdür. Bu fəsildə yağışlı hava şəraitinin müşahidə edilməsi təbii hal kimi qəbul edilməlidir. Buna görə də yaxın günlərdə həm respublikanın rayonlarında, həm də paytaxtda ilin bu dövrü üçün səciyyəvi olan yağmurlu hava şəraiti müşahidə ediləcək.
Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva sentyabrın 23-də müşahidə edilən leysan xarakterli yağışın təkrarlanmasına münasibət bildirərkən deyib.
U.Tağıyeva bildirib ki, hidrometeorologiya elmi əvvəlcədən hər hansı prosesin intensivliyi, tarixi barədə proqnoz verəcək qədər inkişaf etməyib.
“Sentyabrın 23-də anomal hava şərait müşahidə edildi və təbii fəlakət yarada biləcək səviyyədə yağıntı düşmüşdü. İki saat ərzində Bakı şəhərinin bəzi ərazilərinə aylıq normadan çox yağıntı düşdü. Bu proses təbii fəlakət kimi qiymətləndirilə bilər. Lakin belə hallar yalnız Azərbaycanda qeydə alınmır. Dünya təcrübəsi göstərir ki, son onilliklərdə insanın ətraf mühitə təsiri nəticəsində iqlim dəyişmələri prosesi sürətlənib. Bu da meteoroloji və hidroloji proseslərlə bağlı təbii fəlakətlərin sayını artırır. Alimlər tərəfindən aparılan təhlillər göstərir ki, yaxın gələcəkdə ölkələr belə proseslərlə tez-tez qarşılaşmağa hazır olmalıdır. Təəssüflə qeyd etmək lazımdır ki, təhlükəli hidreomeroloji hadisələr dünyada olduğu kimi Azərbaycanda müşahidə edilir. Onların sayı və intensivliyi artır. 2013, 2016 sentyabr ayında intensiv yağıntılar müşahidə edilmişdi. Həmin illərdə bir gün ərzində düşən yağıntının miqdarı 30 mm-ə çatmışdı. Həmin yağıntı iki saat yox, gün ərzində olduğundan fəsadları bu dəfəkindən az olmuşdu”.