Azərbaycanda həyata keçirilən iqtisadi və institusional islahatlar qısa müddətdə iqtisadi inkişafa və sosial təminata öz müsbət təsirini göstərməyə başlayıb. İqtisadiyyatın bütün sektorlarında dinamik artım müşahidə olunur. Artımla yanaşı iqtisadiyyatın strukturunda böyük keyfiyyət dəyişiklikləri müşahidə olunmaqdadır ki, bu da islahatların əsas hədəflərindən biridir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin apardığı gələcəyə yönəlik və dərin təhlillərə əsaslanan iqtisadi və xarici siyasəti nəticəsində Azərbaycan regional iqtisadi əhatə dairəsini getdikcə artırır və öz iqtisadi maraqlarının Avrasiya regionunda təmin olunması yolunda əhəmiyyətli nəticələr əldə etməkdədir. Belə ki, bu il istifadəyə verilmiş Cənub Qaz Dəhlizi layihəsi, SOCAR Polymer zavodu, Bakı Beynəlxalq Dəniz Ticarəti limanı, “Azerspace-2” peyki kimi layihələr ölkəmizə böyük həcmdə iqtisadi fayda verməklə yanaşı, Azərbaycanın təsir imkanlarını artırır, ölkəmizin daha da inkişaf etdirilməsində yeni və dayanıqlı mənbələr yaradır:
“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına dair müşavirə də göstərdi ki, iqtisadi artım iqtisadiyyatın demək olar bütün sektorlarını əhatə etməkdədir. Belə ki, ümumi daxili məhsulun 0,8 faiz artımı qeyri-neft sektorunun 10,8 faiz, kənd təsərrüfatı istehsalının isə 4,3 faiz artımı ilə müşahidə olunur. Bu da islahat ilində yaxşı nəticə sayılır. Xarici ticarət dövriyyəsinin 37, ixracın 37,3 faiz artması Azərbaycan iqtisadiyyatının ənənəvi və qeyri-ənənəvi bazarlarda mövqelərinin möhkəmlənməsindən xəbər verir.
Sənaye istehsalında emal sənayesinin payının getdikcə artması ölkədə əlavə dəyər yaradan sahələrin inkişafı ilə nəticələnən keyfiyyət dəyişikliklərinin müsbət nəticələrindəndir. Bu ilin 9 ayı ərzində əhali tərəfindən istehlak olunan ərzaq məhsullarının, içki və tütün məmulatlarının 80 faizinin yerli istehsal hesabına təmin edilməsi iqtisadi təhlükəsizliyimiz üçün çox mühüm nəticədir. Əhalinin gəlirlərinin inflyasiyanı 7 faiz üstələməsi isə insanların rifah halının yaxşılaşmasının göstəricisidir. 2018-ci ilin 9 ayı ərzində 85 min yeni iş yerinin açılması məşğulluq səviyyəsini daha da artırıb”.
T.Mirkişili əlavə edib ki, ümumilikdə, son 9 ay ərzində dövlət başçısı tərəfindən aparılan uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan regionda ən etibarlı, şəffaf, sözü və əməli üst-üstə düşən dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib:
“Məhz bu uğurlu mövqe iqtisadiyyatı daha da dinamik inkişaf etdirməyə, islahatları daha da əhatəli aparmağa imkan verir, ölkəyə yeni texnologiyaların cəlb edilməsi ilə insan kapitalı inkişaf edir. Bütün bunların nəticəsi isə insanların rifah halının yaxşılaşmasında, onların təhlükəsiz yaşamasında öz əksini tapır və tapacaq. Dövlət başçısı qarşıda duran əsas vəzifələri də müəyyən edərək, məhsuldarlığın, şəffaflığın, xarici bazarlara çıxışın artırılmasını, elmi yanaşmanın və müasir texnologiylarının tətbiqini bir daha önə çəkdi”.