18 Oktyabr 2018 08:44
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İqtisadi Forumu dünya ölkələrindəki sosial-iqtisadi və başqa sahələrdəki vəziyyəti qiymətləndirməyin yeni metodologiyasını işləyib hazırlayıb. Bu metodologiya onunla fərqlənir ki, hesabatın 114 indikatorundan 84-ü çıxarılıb, 68 yeni indikator daxil edilib. Beləliklə, yeni metodologiya formalaşıb.

Bunu Teleqraf.com-a açıqlamasında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, yeni metodologiya üzrə hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb: “Bunlar İnstitutlar, İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorlarıdır. Bu indikatorlar üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınıb. Bu da ölkədə aparılan iqtisadi islahatların, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına verilən diqqətin nəticəsidir. Ona görə də Azərbaycan bu qədər irəliləyə bilib”.

Qeyd edək ki, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Əvvəlki metodologiya ilə qiymətləndirmədə isə ölkəmiz 34-cü yerdə idi. Belə ki, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada nəzərə alınmayıb. Məsələn, makroiqtisadi sabitlik indikatoru üzrə ölkənin mövqeyinə mənfi təsir göstərən fakt ondan ibarət olub ki, dövlət büdcəsinin tarazlığı, ümumi dövlət borcu, ümumi milli yığım, ölkənin kredit reytinqi kimi öncül olduğumuz alt-indikatorlar yeni metodologiyada ümumiyyətlə nəzərə alınmayıb.

Bu məsələyə də aydınlıq gətirən F.Yusifov qeyd edib ki, hətta, yeni metodologiya üzrə də əsas göstəricilərdə Azərbaycan aparıcı yerdədir: “Azərbaycan hesabatda dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Eyni zamanda Azərbaycan əhalinin elektrik enerjisi ilə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib. Ölkəmizin yeddinci onluğa daxil olması və ya 69-cu yeri tutmasına gəldikdə isə qeyd edm ki, bu, pis nəticə deyil. Digər tərəfdən bu meyarların özünün Azərbaycandakı vəziyyəti, ümumi iqtisadi durumu nə dərəcədə qiytmətləndirməsi bir qədər sual doğurur. Ancaq bizim üçün əsas olan budur ki, ölkəmiz aparıcı göstəricilərdə öndədir”.


Müəllif: Səxavət Həmid