"Abşeron yarımadasının landşaftı toz miqdarının çox olması üçün səciyyəvi ərazilərdən biridir".
Bunu mətbuat konfransında Ekologiya və Təbii Səvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, təbii şəraitlə yanaşı antropogen təsir bu vəziyyəti daha da gərginləşdirir: "Növbəti dəfə dünən Abşeron yarımadasında cənub-qərb küləyinin güclənməsi nəticəsində atmosfer havasında tozun miqdarının normadan üç dəfəyədək çox olması qeydə alınıb. Nazirlik tərəfindən bu sahədə aparılan operativ monitorinq işləri sübut etdi ki, belə vəziyyətin yaranmasına səbəb Qaradağ rayonu ərazisində yerləşən karxanalardır. Həm tikintidə, həm də daş karxanalarının fəaliyyəti zamanı ekoloji və tikinti qaydalarına riayət olunmaması yol verilməzdir.
Təəssüflə qeyd edirik ki, ETSN tərəfindən daş karxanalarının sahiblərinə işlərində dönüş yaratmaları üçün müəyyən müddət verilməsinə baxmayaraq, onlar bu vaxta qədər vəziyyəti yaxşılaşdırmaq üçün bir addım belə atmayıblar".
U.Tağıyeva qeyd edib ki, bu sahədə qabaqcıl ölkələrdə istifadə olunan texnologiyalar Azərbaycanda da tətbiq olunmalıdır: "Ətraf mühitə antropogen təsiri azaltmaq öz əlimizdədir, çünki bu diyarda sahibkarla bərabər hamımız yaşayırıq və atmosferdə olan toz onunla birgə hamıya təsir edir. ETSN-in təmiz bir mühitdə yaşamaq naminə həyata keçirdiyi tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edir və ictimaiyyəti ekoloji vəziyyətin yaxşılaşdırılmasında fəal olmağa çağırırıq"./Report/