Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 25-ci yerdə qərarlaşaraq MDB ölkələri arasında ən yüksək yerə layiq görülməsi heç də təsadüfi deyil.
Bunu Teleqraf.com-a açıqlamasında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.
O qeyd edib ki, Azərbaycanda gedən islahatlar, xüsusilə 2015-ci ilin sonlarından ölkədə post-neft dövrünün başlandığı elan edildikdən sonra başlayan iqtisadi islahatlar iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməyi hədəfləmişdi:
“Neftin qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan hökumətinin müəyyən etdiyi sürətli iqtisadi islahatlar strategiyasına yüksək qiymət verənlərdən və onu ilk dəstəkləyənlərdən biri də məhz Dünya Bankının rəhbərliyi olmuşdu. Onlar hələ islahatların başlanğıc mərhələsində Azərbaycan hökumətinin bu addımlarını başqa neft ölkələrinə nümunə göstərərək, bu yolda ölkəmizə yaxın dəstəkçi olduqlarını da bəyan etmişdilər. Dünya Bankı dünyanın ən nüfuzlu maliyyə institutudur. Onun hesabatını heç bir təşkilatın hesabatı ilə müqayisə etmək mümkün deyil”.
F.Yusifov qeyd edib ki, Azərbaycanın bu hesabatda ən çox islahat aparmış bir ölkə kimi qeyd edilməsi beynəlxalq müstəvidə bu informasiyanı alan hər bir tərəf üçün ciddi siqnaldır və Azərbaycanın uğurlarına qara yaxmaq istəyənlərə tutarlı cavabdır:
“Bu onu göstərir ki, Azərbaycan öz iqtisadi strategiyasını düzgün müəyyən edib və onu tam doğru bir yolla irəliyə aparır. Bu ilin 9 ayının yekunları bir daha sübut etdi ki, 3 il bundan öncə ölkədə post-neft erasının başlandığını bəyan edən ölkə Prezidentinin müəyyən etdiyi yeni iqtisadi islahatlar strategiyası nə qədər düzgün bir seçim idi. Bu islahatların müəllifi məhz Prezident İlham Əliyevdir. O, ötən üç il ərzində islahatların uğuru üçün lazım olan ən qətiyyətli addımları belə atmaqdan çəkinməyib. Nəticələr isə göz qabağındadır. Bunu tək biz demirik. Bunu artıq az qala bütün dünya ölkələrinin üzv olduğu ən mötəbər bir maliyyə institutunun rəsmi hesabatı deyir”.