Brent markalı xam neftin barel qiyməti 7% ucuzlaşaraq 65.17 dollar olub. Bu, 2017-ci ilin dekabrından bu günədək ən sürətli ucuzlaşma hesab edilir.
Teleqraf.com xəbər verir ki, Texas (WTI) markalı xam neftin qiyməti də 7.8 faiz ucuzlaşaraq 55.23 dollara enib.
Bu isə 2017-ci ilin oktyabrından bu günədək ən sürətli ucuzlaşma hesab edilir.
Neft qiymətlərinin keçən həftə təxminən 5% dəyər itirməsindən sonra bu həftə sürətli ucuzlaşmanın başlanmasına Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ-da hasilatın artması ilə yanaşı, İrana qarşı tətbiq edilən sanksiyaların da təsirinin olduğu bildirilir.
Ekspertlər neft qiymətlərindəki sürətli ucuzlaşmanın 12 gündür davam etməsinin “ayı bazarı” dönəmin başlanması ilə əlaqələndirirlər və dünya bazarlarında son 3 ilin ən sürətli ucuzlaşma trendinin yarandığını deyirlər.
“Ayı bazarı” termini investorların birjada uzun müddət satıcı qismində çıxış etməsi, qiymətlətlərin ucuzlaşma trendinə girdiyi və birjalarda vəziyyətin qarışıq olduğu vəziyyətlər üçün istifadə edilir.