23 Noyabr 2018 16:34
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycandan keçən nəqliyyat yükləri 10 milyon ton təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialına dair bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, yüklərin 2 mln. tonunu qeyri-neft, qalanı isə neft məhsulları təşkil edir: "Daşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artıb. Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daşımalrda isə 100 dəfəyə yaxın artım var.

Türkmənistandan keçməklə 9 ay ərzində qeyri-neft sektoruna aid 190 min, neft sektoru üzrə 4 mln. ton yük Azərbaycandan daşınıb. Nəqliyyat dəhlizinin təşviqi istiqamətində bir sıra işlər həyata keçirilir".

Nazir həmçinin Gəncədən Gürcüstan sərhədinədək müasir standartlara cavab verən avtomobil yolu tikintisinin başa çatacağı vaxtı açıqlayıb:

“Bakıdan Batumiyə kimi müasir standartlara cavab verən yol 2021-ci ildə hazır olacaq. Şimal istiqamətində ikinci yol 2020-cu ildə istifadəyə veriləcək. Beləliklə, şimal sərhədlərindən cənub sərhədlərinə kimi müasir A kateqoriyalı yol istifadədə olacaq”.

Nazir deyib ki, Tans Xəzər Nəqliyyat Dəhlizinin təşviqi üçün təqdimat növbəti il Hindistanda həyata keçiriləcək:

"Bundan əvvəl dəhlizin Türkmənistanda, Gürcüstanda, Çində təqdimatı keçirilib. Çinin Trans Xəzər Nəqliyyat Dəhlizinə marağı var. Bu məsələlərin müzakirəsi üçün Çin tərəfindən nümayəndə heyəti ölkəmizə dəvət edilib. Bu zaman həm daşınmaların tarifi, həm də digər məsələlər müzakirə ediləcək.

Müzakirələrə Qazaxıstan, Azərbaycan, Türkiyə və hətta Gürcüstan da cəlb ediləcək. Tarif xərcləri ilə bağlı tərəfdaş ölkələrin də fikirlərinin öyrənilməsi vacibdir”.

Şahin Mustafayev bildirib ki, bütün bu layihələr Azərbaycan prezidentinin nazirlik qarşısında qoyduğu tələblər əsasında həyata keçirilir: “Məqsədimiz Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizinin qovşağına çevrilməsidir. Nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçərkən düşmən ölkəni bu dəhlizlərdən kənarda qoymaq məqsədi güdürük”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər