Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağışın arabir intensivləşəcəyi gözlənilir.
Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun aşağı enəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 17-si günün ikinci yarısından 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.