İlin başa çatmasına az qalır, hesab edirəm ki, bu il iqtisadi sahədə ötən dövrlə, xüsusən 2017-ci illə müqayisədə daha yaxşı nəticələrlə yadda qalacaq.
Bunu Teleqraf.com-a ilin iqtisadi yekunlarını şərh edən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.
O bildirib ki, 2016-cı ildə baş vermiş iqtisadi tənəzzüldən sonra, 2017-ci ildə əldə olunmuş sabitlik bu il başqa bir mərhələyə, yəni iqtisadi artım müstəvisinə keçib: “Dediklərimi son 10 ayın nəticələri təsdiqləyir. Eyni zamanda iqtisadiyyatın real sektorundakı irəliləyiş artımlarını vurğulamaq lazımdır.
Hökumət 3 il bundan öncə ölkədə post-neft dövrünün başlandığını bəyan etmişdi. Bununla bağlı uyğun işlər görülüb və nəticələr özünü doğrultmağa başlayıb. Real sektorda - aqrar sahədə, turizmdə və tranzit yük daşımalarının özündə bu il müsbət nəticələr əldə olunub.
Bunlar növbəti ildə iqtisadiyyatın daha sürətlə artımına bir əsas, bir işarədir.
Növbəti ilin dövlət büdcəsi də bu ruhda hazırlanıb. Bu büdcə islahatların daha çevik getməsinə, iqtisadiyyatın daha sürətlə böyüməsinə, onun real sektorunun üstün artımına köklənmiş bir sənəddir.
Büdcə islahatına daxil olmuş vergi islahatları ilə bağlı sənədlər də qeyri-neft sektorunun üstün və sürətli inkişafını təmin etməyi hədəfləyir. Bu, biznesmenlərə, investorlara yeni meydanın açılması deməkdir. Hesab edirəm ki, növbəti il bundan da sürətli inkişaf ili olacaq”.