27 Avqust 2014 11:07
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir il öncə yeni pul əskinaslarının buraxılması gündəmdə idi. Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev ötən il jurnalistlərə açıqlamasında bildirmişdi ki, gələcəkdə 250 və 500 manatlıq əskinasların buraxılması planlaşdırılır. Hazırda bu istiqamətdə hansı işlərin aparılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı Teleqraf.com saytının sorğusunu cavablandırıb.

Bankdan bildiriblər ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, milli valyutaya olan inamın artması, manatın dayanıqlı və etibarlı valyutaya çevrilməsi onun ödəniş və yığım funksiyasını gücləndirib ki, bu da iri nominallı pul nişanlarına (50 və 100 manat) olan tələbin həcmini artırıb: “Beynəlxalq təcrübə göstərir ki, tədavüldə iri nominallı əskinasların xüsusi çəkisi yüksəldikdə mərkəzi banklar tərəfindən dövriyyəyə növbəti iri nominallı əskinaslar buraxılır. Bu baxımdan, Mərkəzi Bank ölkənin makroiqtisadi inkişaf templərini, eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq, nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi məqsədilə milli valyutanın nominal strukturunun və iri nominal pul nişanlarının tədavülə buraxılmasının mütəmadi olaraq qiymətləndirməsini aparır. Zərurət yarandıqda tədavülə növbəti iri nominallı əskinaslar buraxıla bilər. Hələ ki, belə zərurət yoxdur”.

“Əgər 250 və 500 manatlıq əskinaslar dövriyyəyə buraxılarsa, həmin əskinaslardan daha çox hansı ödənişlərdə istifadə olunacaq” sualına cavabda deyilir ki, “Mərkəzi Bank haqqında” qanunun 36.3 bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.

Bəs hazırda dövriyyədə olan əskinasların üzərində hər hansı bir dəyişikliklərin olunması gözlənilirmi? Mərkəzi Bank bildirir ki, Azərbaycan prezidentinin 7 fevral 2005-ci il tarixli fərmanına əsasən 1 yanvar 2006-cı il tarixdən tədavülə yeni nəsil pul nişanları buraxılıb: “Yeni manatın dizaynı yüksək beynəlxalq standartlara uyğun olaraq hazırlanıb, Azərbaycanın milli və tarixçilik ənənələrini daha qabarıq şəkildə əks etdirir. Azərbaycan Milli Bankının adı Azərbaycan Mərkəzi Bankı olaraq dəyişdirildiyindən qanunvericiliyə uyğun olaraq yeni istehsal zamanı əskinasların üzərində "Milli Bank" yazısı "Mərkəzi Bank" yazısı ilə əvəz olunur”.

Anar Kəlbiyev


Müəllif:

Oxşar xəbərlər