28 Avqust 2014 12:56
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bitkilərin Mühafizəsi İdarəsi qərb bölgəsini nəzarətə götürüb

Ölkənin qərb bölgəsində kartofda xəstəlik yayılıb. Mütəxəssislərin bildirdiyinə görə, zərərvericilər artıq 2 ildən çoxdur Azərbaycanda kartofa ziyan vurur. Həşəratın ölkəmizə xaricdən idxal olunan kartof vasitəsilə daxil olduğu ehtimal olunur.

Əldə etdiyimiz məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları Ağstafa və Qazax rayonun güvəli kartof sahələrini nəzarətə götürüb. İdarənin əməkdaşları hesab edirlər ki, tədarükün gecikməsi kartof güvəsinin yayılmasına əsas səbəblərindəndir. Aqrotexniki qaydalara vaxtında və düzgün əməl olunsa, problemi önləməyin mümkünlüyü də vurğulanır.


Fermerlərə tövsiyə verilib

Qərb bölgəsində kartof güvəsinin yayıldığını təsdiqləyən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, zərərvericilərə qarşı mübarizə aparılması üçün Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri xüsusi tədbirlər həyata keçiriblər. Murtuzəli Hacıyev bölgədə kartof xəstəliyi və zərərvericilərə qarşı mübarizə ilə əlaqədar bir neçə dəfə müşavirə keçirildiyini, fermerlər arasında maarifləndirmə işi aparıldığını, tapşırıq və tövsiyələr verildiyini söylədi:

“Təkcə kartof güvəsi deyil, kartof kalorado böcəyinə qarşı da görülməli tədbirlər barədə fermerlərə məlumat verilib. Fermerlər bizi vaxtında məlumatlandırdılar. Müvafiq tədbirlər həyata keçirildiyinə görə problem aradan qaldırılmaq üzrədir”.

Kartofa boz cürümə və xərçəng xəstəliyi xaricdən gəlib

Hələ ötən il mətbuatda xaricdən Azərbaycana kartof idxalı zamanı çox təhlükəli xəstəlik olan, xaricdə geniş yayılmış boz çürümə və kartof xərçənginin yayılması məlumatları dolaşırdı. İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmovun sözlərinə görə, ölkədə kartof istehsalının azalması nəticəsində yaranmış qıtlıq bu məhsulun xaricdən, o cümlədən Gürcüstandan gətirilməsini zəruri edib. Onun sözlərinə görə, “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində fitosanitar nəzarətin gücləndirilməsinə ciddi ehtiyac var, çünki bu xəstəliklər artıq Azərbaycana daxil olub.

“Bitkilərimizin öz xəstəlik və zərərvericiləri var”

Murtuzəli Hacıyev isə xaricdən Azərbaycana boz çürümə və kartof xərçəngi xəstəliyinin gəlmədiyini söylədi: “Azərbaycanda becərilən bitkilərin öz xəstəlik və zərərvericiləri var. Vaxtında mübarizə tədbirləri aparıldıqda bu xəstəliklərin qarşısı alınır”.

Vahid Məhərrəmov isə bizimlə söhbətində bildirdi ki, kartof xəstəliyi ötən ildən, kartof güvəsi isə iki ildən çoxdur Azərbaycanda yayılıb.

Kartof güvəsinin xırda kəpənək olduğunu bildirən mütəxəssis bu həşəratın kartofun incə gözcüklərində yuvalayıb məhsulu sıradan çıxardığını dedi: “Təkcə qərb bölgəsində deyil, kartof istehsalı ilə məşğul olan bütün bölgələrdə bu zərərvericilərə rast gəlinir. Zərərvericinin arealından asılı olaraq kartof güvəsi təsərrüfata ziyan vurur. Ümumiyyətlə, xəstəliklər, zərərvericilər geniş yayılmaqda davam edir və bunun qarşısını almaq bir fermerin gücündə deyil”.

“Maarifləndirmə ilə yanaşı fermerə dəstək də lazımdır”

Vahid Məhərrəmov hesab edir ki, hazırkı məqamda fermerin daha çox dəstəyə ehtiyacı var: “Fermerlərlə maarifləndirmə tədbirləri aparmaqla problemi həll etmək mümkün deyil. Tədarükdə problem varsa, fermerə dəstək verilməlidir. Kartof idxalı zamanı lazımi nəzarət tədbirləri həyata keçirilmədiyi üçün zərərvericilərin yumurtaları ölkəyə məhsullar vasitəsilə daxil olur və yayılır. Belə olan halda fermer bunun qarşısını necə ala bilər?

Əlbəttə, bu, məqsədli şəkildə olmur. Sadəcə, ölkəyə kənd təsərrüfatı məhsulu gətirənlər bu sahəni bilmirlər, başqa ölkədən ucuz n məhsulu gətirib burda baha qiymətə satırlar. Qazanc marağı ilə öz funksiyalarını bitmiş sayırlar".

Ekspert bildirdi ki, gətirilən meyvə-tərəvəzdə xəstəlik, zərərverici aşkarlansa idxala qəti qadağa qoyulmalıdır:

“Amma indiyədək belə hal baş verdikdə hər hansı qadağanın tətbiqi barədə məlumat yoxdur. Ölkəyə kartof güvəsi xaricdən gəlib, bəs buna niyə imkan verilib? Digər tərəfdən, fermerlərin hər zaman kartof becərilməsində aqrotexniki qaydalara əməl etmək imkanı yoxdur. Bir fermer vaxtında dərman ala bilir, digəri ala bilmir. Bəzi hallarda dərman preparatlarının təsiri güclü olmur. Çünki bu dərmanlar da xaricdən, sifarişlə, özü də ucuz qiymətə gətirilir”.

Vahid Məhərrəmov bildirdi ki, bitkilərdə olan xəstəliklər, zərərvericilərin insan orqanizminə zərər vermə faktı müşahidə olunmasa da, bu cür neqativ hallar iqtisadi baxımdan ziyan verir.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər