31 Yanvar 2019 18:28
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mart ayı yaxınlaşır və əmanətlərin tam sığortalanması barədə 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti bitir. Bu qanunun tələblərinə görə, banklara yerləşdirilmiş bütün əmanətlər qorunur. Bir şərtlə ki, milli valyutada yerləşdirilmiş əmanətlərin illik faiz dərəcəsi 15%-dən, xarici valyuta əmanətlərinin illik faiz dərəcəsi isə 3%-dən yüksək olmasın”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, yaxın 1 ay ərzində müddət uzadılmasa, bu qanun qüvvəsini itirəcək və əvvəl qüvvədə olmuş qanun – “Əmanətlərin sığortalanması haqqında“ qanun yenidən işləyəcək:

“Bu halda bankdan bağlanacağı təqdirdə alınacaq kompensasiyanın həcmi 30 min manatdan çox olmayacaq. Bunun üçün gərək əmanətçinin bir bank üzrə əmanətlərinin həcmi illik faizlə birgə 30 min manatı ötməsin. Belə vəziyyətdə xarici valyuta, o cümlədən dollar əmanətçiləri üçün bu limit ümumiyyətlə, sərf etmir. Çünki sığorta hadisəsi baş verəcəyi təqdirdə onların alacağı kompensasiyanın maksimum həcmi təxminən 17 647 dollar olacaq.

Samir Əliyev qeyd edib ki, qanunun müddətinin uzadılıb-uzadılmaması məsələsi yəqin ki, hökumətdə də müzakirə edilir, bəlkə də artıq qərar var:

“Fikrimcə, bu qanunun müddəti ən azı daha bir il (3 il olsa, daha arzuolunandır) uzadılmalıdır. Çünki bankların bağlanması riski tam aradan qalxmayıb və əmanətçilərin proseslərə həssaslığı qalmaqdadır. Ancaq sığortalanma şərtləri dəyişməlidir. Çünki banklarda izafi likvidlik yaranıb. Yüksək faizlə əmanətləri cəlb ediblər, ancaq həmin vəsaitləri, o cümlədən digər mənbələrdən cəlb edilmiş depozitləri kreditləşməyə yönəltməkdə çətinlik çəkirlər. Ona görə də əsas diqqət resursların ucuzlaşdırılmasına yönəldilməlidir. Bunun yollarından biri sığortalanan əmanətlərin illik faiz dərəcəsi aşağı salınmalıdır.

İlk növbədə manat üzrə sığortalanan əmanətlərin illik faiz dərəcəsi yuxarı tavanı 15% saxlamaqla aşağı tavanı 10%-ə endirilməlidir. Sığortalanan əmanətlərə görə banklardan yığılan sığorta haqqının hazırki səviyyəsi (qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,125 faizi) illik faiz dərəcəsi 10% olan əmanətlərə şamil edilməlidir. Qorunan əmanətlərin illik faiz dərəcəsi artdıqca sığorta haqları da ona uyğun artırılmalıdır. İllik faiz dərəcəsi 15%-dən yüksək faizlə cəlb edilən əmanətlər isə sığortalanmamalıdır. Bu addım bir tərəfdən əmanət bazarında illik faiz dərəcələrinin azalmasını təmin edəcək, digər tərəfdən bankları yüksək faizlə əmanət cəlbi niyyətindən çəkindirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu