23 Fevral 2019 17:13
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı uzun müddət müzakirə edilən və vətəndaşlarımız üçün aktual olan problemin həllinə hüquqi zəmin formalaşdırıb. Nəzərə alsaq ki, çoxmənzilli binaların istismarı prosesi ciddi şəkildə sadələşdirilir, bu, olduqca mühüm bir Fərmandır. Bir sözlə, Azərbaycan Prezidenti bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, 2019-cu il yanvarın 1-dək inşa edilmiş bütün çoxmənzilli binalarla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən rəyin hazırlanması və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi nəzərdə tutulur.
Expertin sözlərinə görə, müsbət rəy alan binalar komitə tərəfindən istismara buraxılacaq və həmin mənzillərdə yaşayan vətəndaşlar çıxarışla təmin olunacaq:

“Fövqəladə Hallar Nazirliyi rəyi iki ay ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edəcək. Komitə isə binaların yeddi gün ərzində istismara verilməsi ilə bağlı qərar qəbul edəcək. Göründüyü kimi, olduqca qısa zamandır. Yeni Fərman imkan verəcək ki, vətəndaşlar çoxmənzilli binalarda kommunal xidmətlərlə tam təmin olunsunlar.

Bu gün xeyli sayda bina var ki, onlarla bağlı rəy olmadığı üçün qazla təmin edilməyib. Yeni Fərman bu kimi problemlərin aradan qaldırılmasına imkan verəcək. Bu proses bir ay müddətində həyata keçiriləcək. Bu Fərmanın imzalanması əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır”.


Müəllif: Rəsul