Azərbaycan Prezidenti 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin uşaq pulunun bərpası ilə bağlı təkliflərini hökumətə təqdim etməsindən qısa müddət sonra dövlət başçısı tərəfindən belə bir göstərişin verilməsini yüksək qiymətləndiririk.
Teleqraf.com xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı Vüqar Bayramov bildirib.
O qeyd edib ki, İSİM-in təkliflərində də uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi xüsusi əsaslandırılır:
“Bu baxımdan 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaq pulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir. Bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir. Qeyd etmək istərdim ki, İSİM-in təklifləri rasional və real imkanlar nəzərə alınmaqla hazırlanıb. Sevindirici haldır ki, artıq proses başlayır”.
V.Bayramov onu da bildirib ki, İSİM-in təklifi martın 11-də sosial şəbəkədə təqdim olunandan sonra uşaq pulu məsələsində fərqli yanaşmaların şahidi olublar və əslində bunu normal da qarşılayırlar:
“Amma bu gün başqa reallığı müşahidə etdik; təklifllərimiz mərhələli şəkildə tətbiq olunacaq”.