“BP-Azerbaijan” şirkəti “KCA Deutag” şirkəti və SOCAR AQŞ-nin birgə müəssisə olan “Turan Drilling & Engineering Company” MMC ilə dəyəri 500 milyon dollar olan qazma müqaviləsi imzalayıb.
“BP-Azerbaijan” şirkətinin açıqlamasında bildirilir ki, bu, Xəzər regionunda operator qismində çıxış edən BP şirkətinin yerli tərəfdaşı olan şirkətlə bağladığı digər bir iri müqavilədir.
“Bu, həmçinin BP və tərəfdaşlarının hökumət və SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədlərinə uyğundur”, – deyə məlumatda bildirilir.
Müqavilə BP tərəfindən idarə olunan yeddi platformanın qazma qurğusu, o cümlədən Mərkəzi Azəri, Şərqi Azəri və Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq və Şahdəniz qurğuları üzrə dənizdə istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin ilkin müddəti iki dəfə bir illik müddətə uzadılma imkanı olmaqla beş il təşkil edir .
BP-nin quyular üzrə vitse-prezidenti Mayk Zanqi deyib: “Biz “KCA Deutag” şirkətinin və SOCAR AQŞ-nin birgə müəssisəsi ilə bu müqaviləni imzalamaqdan məmnunluq duyuruq. Xəzər regionunda uzun müddətdir təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərən operator kimi biz “KCA Deutag” şirkətinin beynəlxalq təcrübəsinin və Xəzər regionundakı 20 ildən artıq iş təcrübəsinin SOCAR AQŞ-nin Xəzərə dair dərin bilikləri və Xəzərdə qazma sahəsindəki aparıcı fəaliyyəti ilə birləşməsini alqışlayırıq. BP regiondakı 27 illik uğurlu fəaliyyəti çərçivəsində Xəzərdə dünya səviyyəli platformaların istismarını həyata keçirir. Ümid edirik ki, bu yeni müqavilə əməyin təhlükəsizliyi, yerli bacarıqların inkişaf etdirilməsi, xərclərin səmərəliliyi, rəqabətə davamlılıq və qlobal sənaye standartları üzrə götürdüyümüz davamlı öhdəliyimizi dəstəkləyəcək.”
Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə Azərbaycanda neft-qaz layihələrinə və əlaqədar sahələrə 72 milyard dollardan artıq sərmayə yatırıb.
Azərbaycanda BP şirkətində təxminən 2900 nəfər ixtisaslaşmış kadr işləyir. BP-nin Azərbaycanda işləyən ixtisaslaşmış daimi əməkdaşlarının 90%-i yerli kadrlardır və onların bir çoxu yüksək vəzifələrdə işləyir.