28 Aprel 2019 19:10
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə səfəri ölkəmiz üçün həm siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətli oldu. Ölkə başçısının “Bir kəmər, bir yol” layihəsində iştirakı yüksək qiymətləndirilir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, bu layihə Çin tərəfindən təklif ediləndə Azərbaycan bunu ilk dəstəkləyənlərdən olub.

Azər Badamov qeyd edib ki, “Bir kəmər, bir yol” layihəsi Azərbaycan dövlətinin apardığı həm beynəlxalq, həm də daxili siyasətinə tam uyğun gəlir: “Ölkəmizdə həyata keçirilən bir çox transmilli layihələr, eləcə də Cənub-Şimal, Qərb-Şərq yol nəqliyyat layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolunun, beynəlxalq ticarət limanının tikintisi demək olar ki, “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir. Bu baxımdan bu forumun Azərbaycan üçün böyük əhəmiyyəti var. Çindən Avropaya ixrac olunacaq yüklərin nəqli istiqamətinin müəyyən qədər Azərbaycan üzərindən keçməsi bizim maraq dairəmizə uyğundur. Çünki Avropa ilə Çin arasında 4 milyard dollara yaxın ticarət dövriyyəsi var. Çinin özünün xarici ticarət dövriyyəsi 4 trilyon dollardan artıq, Avropanın isə 1,5 trilyon dollardan yüksəkdir. Bu kontekstdən yanaşanda Avropaya hər gün Çindən 17 qatar yük aparılır. Bu, böyük potensialdır və Azərbaycan bundan istifadə edə bilər”.

Deputat hesab edir ki, Azərbaycanın nəqliyyat dəhlizləri mövcud marşrutlardan sərfəli və vaxt baxımından çox qənaətcil marşrutdur

"Prezident İlham Əliyev “Bir kəmər, bir yol” forumunda bir daha Azərbaycanın nəqliyyat dəhlizlərini tədbir iştirakçılarının diqqətə çatdırdı. Düşünürəm ki, bununla Azərbaycandan daşınacaq yüklərin miqdarı çoxalacaq. Bu layihə dünya üçün önəmlidir. Çünki 65 ölkənin iştirakı nəzərdə tutulub. İlk foruma 20 ölkə qatılmışdısa, budəfəki forumda 40-dan çox dövlət və hökumət başçıları iştirak elədi. Dünya üçün bu cür əhəmiyyətli layihədə iştirakımız Azərbaycana iqtisadi və siyasi dividendlər gətirəcək. Azərbaycan güclənən ölkədir. Ölkə başçısının çıxışında qeyd etdiyi kimi, öz valyuta ehtiyatlarımızı artırmışıq, məcburi köçkün, qaçqın problemi və müharibə şəraitində olan ölkə olmasına rəğmən, Azərbaycanın ehtiyatları xarici borcundan beş dəfə çoxdur. Xarici borcumuzun dinamikasının enmə üzrə olması iqtisadiyyatımızın gücünün göstəricisidir. Bütün bunlar Azərbaycan kimi güclü iqtisadiyyata malik ölkənin bu cür forumda işçtirkanı gündəmə gətirir”.

Deputata qeyd edib ki, hər bir beynəlxalq tədbirdə olduğu kimi, bu dəfə də ölkə başçısı torpaqlarımızın işğal altında qalmasının yolverilməz olduğunu, beynəlxalq güclərin ədalətsiz mövqedə dayandığını bir daha dünya dövlətlərinin nəzərinə çatdırıb.

Nərgiz


Müəllif: Teleqraf.com