17 May 2019 19:23
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz hər yazanda, hər deyəndə ki, ölkənin sosial-iqtisadi həyatında son vaxtlar baş verənlər real islahatlardır, bəziləri buna ağız büzüb başqa ad verməyə cəhd edirlər. Dəridən-qabıqdan çıxaraq sübut etmək istəyirlər ki, Prezidentin sözügedən istiqamətdə atdığı addımlar, verdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi proqramlar hər nədirsə, islahat deyil. Sanki islahatlar onların bütün güman və ehtimallarının itirilməsi, proqnozlarının iflası, gözlədiklərinin tərsidir.

Götürəndə, həqiqət də belədir və yəqin, elə bu üzdən məlum qərəzli siyasi iqtisadçıların Azərbaycanda sürətlə reallaşan islahatlara və onların nəticələrinə, yumşaq desək, qısqanclıqla yanaşmaları təbiidir. Təbii olan həm də onlardan obyektivlikləri ilə fərqlənən nüfuzlu beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin bu islahatlara yüksək qiymət vermələridir.

AR İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Doing Business-2020” islahatlarına dair növbəti icmalını hazırlamışdır. İcmalda 11 indikator üzrə aparılan islahatlar barədə ətraflı məlumatlar təqdim olunur. Vurğulanır ki, sözügedən dövrdə ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etmiş, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, tikintidə "Bir pəncərə”, biznesə başlamaq, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası, əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar həyata keçirilmişdir.

İcmalda bildirilir ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-ci (o cümlədən biznesə başlamaq üzrə 18-ci pillədən 9-cuya, tikinti üçün icazələrin alınması üzrə 161-ci pillədən 61-ci, elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü, əmlakın qeydiyyatı üzrə 21-ci pillədən 17-ci, kreditlərin alınmasına görə 122-ci pillədən 22-ci, kiçik investorların maraqlarının qorunmasına görə 10-cu pillədən 2-ci, vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci, müflisləşmənin həllinə görə 47-ci pillədən 45-ci) yerə yüksəlmişdir.

İcmaldan məlum olur ki, biznesə başlamaq sahəsində ("Doing Business” üzrə bal 96,14) əgər əvvəl onlayn qeydiyyat üçün elektron imza tələb edilirdisə, indi buna ehtiyac yoxdur. Eləcə də əvvəllər tələb edilən işçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçirilməsinə də gərək qalmayıb. İndi işçilər qeydiyyat tamamlandıqdan dərhal sonra fəaliyyətə başlaya bilərlər. Onlayn qeydiyyat üçün tələb edilməyən prosedurlar sırasında "ASAN İmza” da var. Asanlaşdırılan prosedurlardan digərləri isə Vergilər Nazirliyinin saytında FİN nömrə daxil etməklə onlayn qeydiyyatın vahid platformada aparılması, həmçinin işə götürüləcək şəxslər barədə məlumatların onlayn qeydiyyat ərizəsinə daxil olunmasıdır. Daha vacib bir məqam: bu gün Azərbaycanda biznesə başlamaq üçün bir prosedur, yarım gün və 0 manat lazımdır. Halbuki əvvəl bu iş üçün 3 prosedur, 3,5 gün və 90 manat xərc tələb edilirdi.

Tikinti üçün icazələrin alınması ("Doing Business” üzrə bal 73,1) sahəsində də kifayət qədər islahatlar aparılmışdır. Bu islahatlar nəticəsində tikinti şirkətinin elektron müraciət əsasında 15 iş günü müddətinə icazə verən orqandan cavab almaq hüququ yaranmışdır. İndi Fövqəladə Hallar Nazirliyi özülquraşdırma işlərinin yoxlanmasını, eləcə də yekun yoxlama və istismara hazırlıq aktının verilməsini bir iş günü ərzində tamamlamalı, "Azərsu” ASC 7 gün müddətinə obyektin su xəttinə qoşulmasını həyata keçirməli, icazəverən orqan elektron müraciət sistemi əsasında qanunvericiliyə əsasən müvafiq sənədlərlə istismar üçün müraciət edən şirkətə 10 gün ərzində cavab verməli, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat isə 4 günə başa çatdırılmalıdır.

İndi icazəverən orqan tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılmasına 2, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə komitə tərəfindən rəy verilməsinə 5, ümumilikdə tikintiyə icazə almaq üçün isə 1 iş günü kifayət edir. Beləliklə, islahatlardan sonra tikinti aparmağa icazə almaq üçün prosedurların sayı 18-dən 7-yə, günlərin sayı 116-dan 38-ə, çəkilən xərcin məbləği 6566 manatdan 1595-ə endirilmişdir.

Elektrik təchizatı şəbəkələrinə qoşulma ("Doing Business” üzrə bal 77,27) sahəsində həyata keçirilən yeniliklər də yalnız istehlakçıların xeyrinədir. Bu islahatlar sahəsində sözügedən sahə üzrə prosedurların sayı 7-dən 2-yə, həmin işə sərf olunan günlərin sayı 41-dən 20-yə düşmüşdür. Nəticədə sahibkarların şəbəkəyə qoşulmaq üçün müraciət imkanları artmışdır. İndi onlar şəbəkəyə qoşulmaq üçün "ASAN Kommunal” mərkəzləri ilə yanaşı, "KOB evləri”nə də müraciət edə bilərlər. Bundan əlavə, elektrik təchizatı şəbəkələrinə daha da təkmilləşdirilmiş elektron müraciət əsasında qoşulmaq mümkündür. Həmin sahədə həyata keçirilən islahatların bir xeyri də şəbəkələrin sahibkarlarla təmasının minimuma endirilməsidir.

Əmlakın qeydiyyatı ("Doing Business” üzrə bal 84,63) üzrə də Azərbaycanın 190 ölkə sırasında 17-ci olması mütərəqqi yeniliklərdən xəbər verir. Əgər əvvəllər bu iş üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) "Yüklülük (Məhdudiyyət)” haqqında arayış tələb olunurdusa, indi yalnız notariusa müraciət etmək kifayətdir. Notarius özü onlayn qaydada DƏDRX-dən həmin arayışı əldə edə bilir. Yaxud, əvvəl alqı-satqı aktı bağlanırdısa, hazırda alqı-satqı əsasında əmlak üzərində alıcının hüququ dərhal dövlət qeydiyyatına götürülür və ona onlayn qaydada elektron çıxarış göndərilir ki, bu da kağız çıxarışın ləğv olunması deməkdir. Ən nəhayət, indi əmlakın qeydiyyatı üçün prosedurların sayı 3-dən, günlərin sayı isə 5,5-dən 1-ə düşmüşdür. Bütün bu işlərlə bağlı xidmətlər isə "Əmlak Xidmətləri Məkanı”nda aparılır.

Kreditlərin alınması ("Doing Business” üzrə bal 80) sahəsində də Azərbaycan kifayət qədər önə keçmişdir. Ölkəmizin layiq görüldüyü 22-ci yer bu sahədə aparılan real islahatların obyektiv göstəricisidir. Məhz bu islahatlar sayəsində ölkəmiz üzrə hüquqi norma indeksi 8-dən 12-yə, kredit bürosunun və kredit reyestrinin əhatə dairələrinin hər biri 41,5 faizdən müvafiq olaraq 45 və 42,13 faizə yüksəlmişdir.

Azərbaycanın "Doing Business”də layiq görüldüyü ən yüksək pillə - 2-ci yer və 81,67 bal kiçik investorların maraqlarının qorunması sahəsi üzrədir ki, bunu da təsadüfi hesab etmək olmaz. İcmalda bildirilir ki, bu sahədə aparılan islahatlardan sonra səhmdarlar həyata keçirilən əməliyyatlar nəticəsində vurulan zərərə görə maraqlı direktoru, eləcə də digər direktorları məsuliyyətə cəlb edə bilirlər. Bundan əlavə, səhmdarın uğurlu iddiası nəticəsində məhkəmənin əməliyyatı (əqdi) ləğv edə bilmək imkanı var. Sözügedən sahədə digər müsbət hal məhdud məsuliyyətli cəmiyyətin aktivlərinin 51 faizinin satıldığı zaman MMC-nin iştirakçılarının razılığının tələb olunmasıdır. MMC-nin 50 faiz iştirak payını alan alıcı tərəfindən isə digər səhmdarlar üçün tender elan edilməlidir. Bütün bu sahələr üzrə göstəricilər hesabatın əhatə etdiyi dövr ərzində xeyli yüksəlmişdir.

Vergilərin ödənilməsi sahəsində ("Doing Business” üzrə bal 85,23) də Azərbaycanın layiq görüldüyü yer - 28-ci pillə kifayət qədər yüksək hesab edilməlidir. Bunun bir çox səbəbləri var. Həmin səbəblər sırasında işəgötürən tərəfindən ödənilən sosial sığorta haqqının dərəcəsinin 22 faizdən 15 faizə endirilməsini, ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına təqdim olunmalı ərizənin elektronlaşdırılmasını, vergi ödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış rəqəmdən artıq olan hissəsinin vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəni verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılmasını, eləcə də ƏDV-nin 3 ay ərzində geri qaytarılması müddətinin aradan qaldırılmasını göstərmək mümkündür. Bunlardan əlavə, əgər əvvəllər sosial sığorta ödənişləri, mənfəət vergisi və ƏDV-ni ödəmək üçün cəmi 159 saat vaxt tələb edilirdisə, indi həmin rəqəm 113 saata enmişdir. Eyni zamanda sosial sığorta ödənişlərinin mənfəətdəki xüsusi çəkisinin azalması da qeyd olunmalıdır. İndi həmin rəqəm 24,82 deyil, 20,29 faizdir.

"Doing Business” üzrə balı 77,04 olan və reytinq cədvəlində 84-cü pillədə duran sərhəddə ticarət sahəsi üzrə də ölkəmizdə ciddi islahatlar aparılmışdır. Həmin islahatlar sayəsində xarici ticarət təşkilatları üçün daha əlverişli biznes mühiti formalaşmış, gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ, şəffaf tətbiq olunması ilə fiziki gömrük yoxlamaları minimuma enmiş, biznesin dövlət tənzimləmə mexanizminin səmərəliliyi artmış, mövcud resurslardan daha optimal istifadə təmin edilmişdir.

Müqavilələrin icrasının təmin edilməsi ("Doing Business” üzrə bal 67,51) sahəsində də Azərbaycan xeyli təcrübə toplamışdır. Məhz bu təcrübə hesabına reytinq cədvəlində 40-cı olan ölkəmizdə kiçik iddiaların meyarları və kiçik iddialara münasibətdə sadələşdirilmiş prosedur qanunvericilikdə təsdiq edilmiş, məhkəmə prosedurlarının tənzimlənməsi standartları daha da təkmilləşdirilmiş, "Mediasiya haqqında” normativ hüquqi baza yaradılmış və inzibatçılıq qaydaları tətbiq olunmuş, eləcə də digər tədbirlər həyata keçirilmişdir.

Reytinq cədvəlində 45-ci olduğumuz müflisləşmənin həllinə ("Doing Business” üzrə bal 63,79) gəldikdə, bu sahədə də islahatların nəticələri (ipoteka predmetinin həm hərracda, həm də elektron qaydada keçirilən açıq bazarda satılması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ ilə bağlı ipoteka üzrə öhdəliyin icrasının ümumi deyil, konkret müddətə - 60 təqvim günü və daha çox gecikdirilməsinin qanunvericilikdə təsbit olunması, ipoteka predmetinə tutmanın yönəldilməsi üzrə mexanizmlərin konkretləşdirilməsi və qeyri-müəyyənliklərin aradan qaldırılması, eləcə də təkrar hərracın keçirilmə müddətinin 45 gündən 20 günə endirilməsi və s.) xüsusi vurğulanmalıdır.

Bəlkə də kimlər üçün bir az quru, bir az da anlaşılmaz təsir bağışlayan icmalda əksini tapan bu tədbirlər əslində Azərbaycanın hədəf kimi seçdiyi məqsədlərə çatmaq üçün atılan növbəti addımlardır. O addımların səmərəsini, xeyrini az və ya çox dərəcədə hamı görür və yaşayır, hətta onu etiraf etmək istəməyənlər də. Amma bu qısqanclığın mahiyyətə dəxli varmı?! Xüsusən də həmin mahiyyəti Dünya Bankı kimi nüfuzlu və nəhəng maliyyə qurumu qiymətləndirirsə...

"Azərbaycan” qəzeti


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər